Cəmiyyət Sosial

“Azərsu” əməkdaşları tanınmış şairin “əsəbləri ilə oynamaqdan həzz alır” – riyazi hesablamaya sığmayan suallar

Tanınmış şair Məmməd Tahirin “Azərsu” əməkdaşı ilə mübahisəsi yaranıb.

Ovqat.com-un məlumatına görə, bu barədə şairin özü Facebook paylaşımında bildirib.

Məmməd Tahir onunla mübahisə edən şəxsin şəkilini də paylaşaraq, aralarında baş verən hadisə barədə bunları yazıb:

“Bu gördüyünüz adam Suraxanı rayon Sukanal idarəsinin əməkdaşı Xəyal Həsənzadədir. Bu gün, yəni Aprelin 5-də təkidlə məndən 150 manat ona ödəməyi tələb edirdi. Halbuki mənim borcum 63 manat idi. Ödəmədiyimi görüb başqa iş yoldaşlarını da sahəyə çağırdı. Mən onların əməkdaşları ilə poçta gedib 100 manat ödədim. Lakin həmin şəxs bir azdan yenə mənim qapımı döyüb başqa əməkdaşlarla narahat etdi. Bu dəfə gəlişlərinin məqsədi sayğac qoymaq idi. Görünən odur ku, Xəyal adlı bu əməkdaş abonentlərin əsəbləri ilə oynamaqdan həzz alır.

Sonda sözüm Azərsu rəhbərliyinədir. Belə işçilər onlara heç də hər zaman hörmət gətirmirlər”.

Maraqlıdır, vətəndaşın suya borcu 63 manatdırsa, ondan niyə 150 manat pul istəyir və şirkətin hesabına zorla 100 manat ödətdirirlər? Olmaya, “Azərsu” da bəzi tüccarların istifadə etdikləri sövdələşmə metodu ilə işləyirlər? Üstəlik, sövdədən əvvəl niyə pulun “Azərsu”nun hesabına yox, şəxsən işçiyə verilməsini tələb edirlər?

Bu suallara cavab axtararkən qarşımıza bir məlumat çıxdı. Sən demə, ötən ilin yay aylarında “Azərsu”nun ümumi borcu 8 milyard 36 milyon manata çatıbmış. Olmaya, şirkət yazıçının, şairin, publisistin əlavə ödənişi hesabına kəllə-çarxa çıxan borcunu bağlamaq niyyətindədir? Elədirsə, bunu neçə abunəçinin, şair demişkən, “əsəbləri ilə oynamaqdan həzz ala-ala” toplaya biləcəklər?

Ümidvarıq ki, “Azərsu” rəhbərliyi bizim riyazi hesablama qabiliyyətimizi aşan bu çətin suallara aydınlıq gətirəcək.(Ovqat.com)

Paylaş: