[center][img]https://millitv.az/uploads/posts/2024-04/1712556388_0001.jpg[/img][/center] Ölkəmizin qida sənayesinin istehsal etdiyi yararsız və zərərli qidalar vətəndaşlarımızın sağlamlığını siradan çıxarır. O üzdən də hansı tibb müəssisəsinə üz tütürsansa onun həndəvərində avtomobil, içərisində isə insan tıxacına düşürsən. 40 yaşdan yuxarı əhalinin qazancının əksər hissəsi tibbi xidmətlərin alınmasına xərclənir. Bunu nəzərə alan bizim büdcə oğruları Bakı şəhərinin hər tinində bir özəl klinika, iki aptek açıb. Bir dəfə əlimə bir iki yuzlük düşmüşdü. Ətrafda böyük market yox idi. Hansı mağazaya girdimsə, dedilər ki, xırda yoxdu. Axrıncı mağazada satıcı işləyən oğlan dedi ki, əmi aptekə girin, indi onların alveri “xod gedir”… Oğlanın dediyi kimi, balaca bir aptekə girib, əskinası xırdalamağı rica etdim. Gülərüz xanım hələ necə xırda istədiyimi də sorüşdü… Beləcə həmvətənlərimiz özəl tibb müəssisələrinin və apteklərin biznesini inkişaf etdirmək yolunda əzimlə çalışdırılır. Vətəndaşlarımız ölkədə qazancını əlindən alınması üçün müxtəlif labrintlərə qovulur. Belə labrintlərdən biri də “qida sənayesi-səhiyyə müəssislərı” labrintidir. Qida sənayesi gözəl və parıltılı qablaşdırılmalarda təqdim etdiyi, qəpik-quruşa başa gələn zərərli qidalarla insanların sağlamlığına zərbə vurur. Belə qidaları bazar inhisarçıları həm on qat baha satıb yaxşı qazanc əldə edir, həm də insanları xəstələndirməklə, xidməti bərbad gündə olan özəl tibb müəssisələrinə müştəri “istehsal edir”. Son illər hökumət durumu nəzərə alaraq tibbi sığorta mexanizmi qurmağa başlayıb. Lakin hələ ki, tibbi sığorta nə vətəndaş, nə də həkim məmnunluğunu təmin edə bilmir. Həkim gileylənir ki, sığorta mənə az əmək haqqı hesablayır, vətəndaş da narazıdır ki, həkimlər yenə onlardan zəhmət haqqı umur. Bu məsələnin bir tərəfi, amma vətəndaşlar üçün elə vacib tibbi xidmətlər var ki, o xidmətlər nədənsə hələ də tibbi sığorta paketinə daxi edilmıyib. Məsələn, onkoloji xəstəliklər dünyada, o cümlədən də ölkəmizdə tüğyan etsə də, bu xidmətlər Azərbaycanda tibbi sığorta paketinə daxil edilməyib. Bundan sui-istifadə edən Milli Onkologiya Mərkəzi isə (MOM) xərçəng xəstələrinə tam olaraq ödənişli xidmət göstərir. Allah heç kimin güzarını bu xəstəxanaya salmasın, bu yaxınlarda bir qohumumda xərçəng xəstəliyi aşkarlandı. O zaman şahidi olduq ki, MOM-a qeydiyyat belə ödənişlidir – 30 manat. Bizə təqdim edilən digır xidmətlərin qiyməti ilə də oxucularımızı tanış etmək istərdik: MRT müayinəsi – 150 manat; yoğun bağırsağın kolonoskapik müayinəsi – 250 manat; qanın ümumi analizi – 70 manat; rengen müayinəsi – 25 manat; EKT müayinəsi – 30 manat; şüa-terapiya – 1000-1500 manat; kimya-trapiya, hər seansı – 250-600 manat. Onu da qeyd edim ki, ödənişlərə görə heç bir qəbz verilmir, tələb edəndə də deyirlər ki, bizdə qəbz yoxdur. Qəbz yoxdursa, deməli, ödəniş qeyri-qanunidir! Bu məsələ barədə danışanda MOM əməkdaşları tutuquşu kimi təkrarlayır ki, tibbi sığorta bizim xəstəxanada işləmir. Tibbi sığortanın bu xəstəxanada işləmədiyini başa düşdük, bəs Azərbaycan qanunları necə, MOM-da işləyirmi?! Bizdən soruşsalar, müşahidələrimizə görə “yox” cavabını vermək məcburiyyətində qalırıq. Çünki şahidi olduqlarımız bunu təsdiqləyir. MOM-un baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli yerli mediaya açıqlamasında deyib ki, MOM-da onkoloji xəstələrə bütün xidmətlər ödənişsiz təqdim edilir! Bununla yanaşı, “Onkoloji yardım haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU-nun 4.3-cü maddəsində oxuyuruq: “Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir”. Qanunun bu qədər aydın yazıldığı halda dövlət tibb müəssəsi olan MOM-da bir pasientə belə ən ucuz xidmət ödənişsiz həyata keçrilmir. Yeri gəlmişkən, şahidi olduğumuz bir maraqlı nüansı da oxucuların diqqətinə çatdırmaq istərdik. Biz rengen müayinəsində dayananda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindın müayinəyə göndərilmiş çağırışçının valideyini müayyinənin “xidmət haqqı”nı ödəməkdən imtina etdi. Dedi ki, bu adam vətənə xidmətə getmək üçün müayinə edilir, özü də onu dövlət xidməti göndərib, qəpik də ödəməyəcəm. Sonda həkim təkrar xahiş etdi ki, heç olmasa diskin və plyonkanın xərcini ödəyin – 5 manat. Valideyin imtina etdi. Belə olan halda həkim müayinələri dayandırdı və getdi, yuxarı rəhbərliyə məruzə etsin ki, pasientin biri müayyinənin “xidmət haqqını” ödəməkdən imtina edir. Bu məsələ 40 dəqiqəyə qədər vaxt aldı. Sonda bəlli oldu ki, həm xəstəxanada qirilmuş elektron sistem vasitəsi ilə, həm də müşahidə kameraları ilə bütün müayinə otaqları izələnilir. İzlənilmə zamanı bütün pasientlər sayılır və günün sonunda həmin saya uyğun olaraq müayinə həkimindən yığdığı pul tələb edilir. Bu isə o deməkdir ki, xəstəxanada rüşvəti əməkdaşlar özbaşına almır, onlar verilən tapşırığı yerinə yetirir. MOM-da gündəlik rüşvətin həcminə gəldikdə isə təxminlərimizə görə bu yüz min manat civarındadır. Çünki xəstəxananın bütün foeləri gün ərzində adamla dolu, müayinə otaqları isə uzun növbələrlə müşahidə edilir. Bir tərəf yuz min manatlarla pul qazanır, digır tərəf isə yaşamaq uğrunda mübarizə məqsədi ilə pul əldə etməkdən ötrü hər cür vasitələrə əl atır. Çoxları müalicəsini bank krediti hesabına davam etdirir. Bu il dövlət büdcəsindən dövlət xəstəxanalarının saxlanması üçün 231,5 milyon manata qədər vəsait ayrılıb. Əldə etdiyimiz məlumata görə, bu vəsaitin təxminən 60 milyon manata qədəri MOM-un xərclərinin qarşılanması üçün nəzərdə tutulub. Beləcə, MOM həm qanuni, həm də qeyri-qanuni yolla pul qazanır. Akif Nəsirli GundemXeber.Az