Dünya

KİV: İsrail ABŞ və ərəb tərəfdaşlarının köməyi ilə İranın hücumunu dəf edib

İsrail ABŞ və ərəb tərəfdaşlarının köməyi ilə İranın hücumunu dəf edib. “Zirvə yolu” xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazıb.Bildirilib ki, İranın aprelin 13-də İsrail ərazisinə həyata keçirdiyi hücum kifayət qədər ciddi olub: “İsrail tərəfinin yaydığı məlumata görə, Tehran 170-dən çox pilotsuz təyyarə, 120-yə yaxın ballistik raket və 30-a yaxın qanadlı raket buraxıb. Bunun nəticəsi fəlakətli ola bilərdi. Amma onların demək olar, hamısı zərərsizləşdirilib”.Nəşr qeyd edir ki, bu uğur İsrailin təkmil hava hücumundan müdafiə sistemi, Qərb və ərəb tərəfdaşları tərəfindən göstərilən yardımın birləşməsi nəticəsində əldə edilib: “ABŞ, Britaniya və İordaniya döyüş təyyarələri pilotsuz təyyarələrin məhv edilməsində xüsusilə mühüm rol oynayıb. İranın pilotsuz təyyarələri və raketlərinin əksəriyyəti İsrail hava məkanına çatmamış məhv edilib”.Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. O, hücumu “qanuni və haqlı özünümüdafiə aktı” hesab edib. ABŞ, Rusiya və müxtəlif KİV ümumi əməliyyatı uğursuz qiymətləndirib. İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib. Ardınca İsrail ordusu sakinlərə sığınacaqları tərk etməyə icazə verib.Azərbaycanın Xarici İşlər Nazirliyi bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırıb.

Paylaş: