Rusiya və onun satelliti Ermənistan arasında informasiya savaşı davam edir. Hələ ki “qərbçi” baş nazir Nikol Paşinyanın Qərblə oyunu sonuncunun ümidlərini və gözləntisini doğrultmayıb, İrəvanın Rusiya orbitindən uzaqlaşması baş verməyib.
Bunu o vaxt söyləmək mümkün olacaq ki, Ermənistandan Rusiya hərbi kontingenti çıxarılacaq, onun xarici sərhədlərini ruslar yox, öz hərbçiləri qoruyacaq.
Moskva-İrəvan münasibətlərinin gələcəyindən danışan rusiyalı ekspert Aleksey Martınov hesab edir ki, Kreml hələlik heç bir kəskin addım atmayacaq. “Çünki Rusiya, ümumiyyətlə, emosional düşüncələrə meylli deyil, baxmayaraq ki, Paşinyanın yeni Qərb dostları tərəfindən fəal şəkildə təhrik olunur. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğuna gəlincə isə xatırlatmaq istərdim ki, Ermənistan ərazisində – Gümrüdə Rusiya hərbi bazası var və bu, təkcə Rusiyanın mövcudluğunu deyil, həm də bütün regionun təhlükəsizliyini təmin edir. Baxmayaraq ki, Ermənistan Azərbaycanla münaqişə vəziyyətindədir və hələ də sülh müqaviləsi imzalanmayıb, əminəm ki, Rusiya regionda öz hərbi mövcudluğunu qoruyacaq”.
Lakin onun sözlərinə görə, baza məsələsi yenidən gündəmə gəlsə, o zaman çox güman ki, Rusiya onu Qarabağ ərazisinə keçirəcək. “Rusiya istənilən digər münaqişədə olduğu kimi, bu münaqişədə də heç kimin tərəfini tutmur, lakin Kreml regionda olmasını tələb edən geostrateji maraqlarını müdafiə edir və bu, təmin olunacaq”, – rusiyalı ekspert özündənrazı şəkildə əlavə edib.
Rusiyanın Gümrüdəki hərbi bazası, sən demə, təkcə Rusiyanın mövcudluğunu deyil, həm də bütün regionun təhlükəsizliyini təmin edirmiş. Bəlkə əksinədir?
İkinci yandan, Azərbaycan Rusiyanın bir quberniyasıdırmı ki, Gümrüdəki bazasını götürüb Qarabağa köçürsün? Martınov Bakının buna razılıq verəcəyini haradan bilir? Azərbaycan öz ərazindən xarici hərbi qüvvələri tam çıxarmağa çalışdığı halda Qarabağda rus hərbi bazası necə yerləşə bilər? Üstəlik, Azərbaycanın Konstitusiyası, Hərbi Doktrinası da buna izn vermir. Ondansa Bakı elə qardaş Türkiyənin hərbi bazasına razılıq verər.
Bu nədir, bir rus ekspertinin sadəlövhlüyü, nəbz yoxlanışı, yoxsa Bakıya mesaj?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, rusiyalı siyasi ekspert Aleksey Martınov 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, müharibədən öncə və sonrakı zamanlarda Azərbaycan əleyhinə daim çıxışlar edib və ermənipərəst siyasi ekspert kimi tanınır: “Martınov hər zaman erməni ekspertlərlə bir sırada Azərbaycanın əleyhinə çıxışlar etməsi ilə seçilir. Rusiyadakı siyasi ekspertlərin əksəriyyəti Rusiya siyasi hakimiyyətinin nəzarəti altında olan insanlardır. Onlara hansı məsələ barədə və necə danışmaq barədə sifarişlər, təlimatlar verilir. Güman etmək olar ki, bu dəfə Azərbaycanın nəbzini yoxlamaq üçün Aleksey Martınovun dili ilə Gümrüdəki hərbi bazanın məsələsi o şəkildə ictimailəşdirilib. Güman ki, Martınov ona verilən göstərişə uyğun həmin fikirləri bildirib. Rusiyanın 102-ci hərbi bazası Ermənistandan çıxarılmasa belə, Moskvanın digər hərbi bazalarını Cənubi Qafqazın daha iki ölkəsi olan Azərbaycan və Gürcüstanda yerləşdirməsi arzusu və planı həmişə olub, bu gün də var. Qarabağdakı sülhməramlıların orada qalma müddətinin bitəcəyi tarix yaxınlaşdıqca, Rusiya bölgədə hərbi mövcudluğunu başqa ad altında qoruyub saxlamaq, başqa ad altında daha da genişləndirmək barədə düşünür. Martınova nəbz yoxlaması üçün verilən sifariş də bununla əlaqədardır. 102-ci hərbi baza Ermənistan ərazisini tərk etməyəcək. Çünki Rusiyanın belə bir planı yoxdur və Ermənistan dövlətinin də Rusiyanı buna məcbur etmək gücü, imkanı yoxdur. Ermənistanın Rusiya ilə imzaladığı razılaşmalardan biri də 102-ci hərbi bazanın Gümrüdə qalma müddətinin 2045-ci ilə qədər uzadılmasıdır. Bu reallıq ortada olmasına baxmayaraq, Aleksey Martınova məlum açıqlamanı vermək təlimatı verilibsə, bu bir daha təsdiqləyir ki, Rusiya nəbz yoxlaması edir. Çünki Rusiya siyasi və hərbi rəhbərliyi Qarabağda və ya Cənubi Qafqaz ölkələrinin başqa hər hansı ərazisində hərbi iştirakı başqa bazaları vasitəsilə gerçəkləşdirmək istəyir”.
Ekspert vurğuladı ki, Azərbaycanın belə bir plana razılıq verməsi isə mümkün deyil. Azərbaycanın Hərbi Doktrinası, Milli Təhlükəsizlik Konsepsiyası və Konstitusiyası da Rusiya hərbi bazasının Azərbaycan ərazisində yerləşdirilməsinə imkan vermir: “Azərbaycan gələn ilin noyabrında Rusiya sülhməramlı qüvvələrinin ərazimizi tərk etməsi üçün 6 ay öncədən rəsmi məsələ qaldırmalıdır. Verilmiş rəsmi açıqlamalardan belə nəticəyə gələ bilərik ki, Bakı bu məsələdə qəti mövqedədir.
Martınovun çıxışı Azərbaycana qarşı təxribatçı çıxışdır. Azərbaycanın öz siyasəti var və belə təxribatçı nəbz yoxlamaları heç nəyi dəyişən deyil. Cənab Prezidentimiz də çıxışlarında bir neçə dəfə bəyan edib ki, 10 noyabr üçtərəfli bəyanatında əksini tapan müddət başa çatanda sülhməramlı kontingent Azərbaycan ərazisindən çıxacaq. Prezident İlham Əliyev bunu hətta Xankəndi separatçılardan azad edilməmişdən öncəki dövrdə demişdi. Sülhməramlı qüvvələrə ötən ilin sentyabrından sonra ümumiyyətlə ehtiyac qalmayıb. Sadəcə olaraq, Azərbaycan öz imzasına hörmət edən ölkə olaraq davranır, üçtərəfli bəyanatdakı müddətin başa çatmasını gözləyir”.