Cəmiyyət

“Razborka” aparan, sərnişini hədələyən, qazın “belinə oturan” sürücülər… – 91 nömrəli avtobus xəttində nə baş verir?

Biləcəri qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzalı istiqamətində fəaliyyət göstərən 91 nömrəli avtobus xəttinin bəzi sürücüləri hər gün səhər və axşam bu avtobusdan istifadə edən sərnişinlərə əsəb, stress, hətta həyati təhlükə yaşadırlar. Nəqliyyat vasitəsinin tutumu az, ödəniş sistemi nağd və öz müdiriyyətinin təyin etdiyi yetərsiz qrafik üzrə hərəkəti özü ilə ciddi problemlər gətirir.
Belə ki, sürücü nəqliyyat vasitəsini ürəyinin istədiyi şəkildə idarə edir; digər avtobuslarla ötüşür, dar küçələrdə sürəti artırır, “yavaş sür” deyən kişi, qadın, uşaq, böyük – fərq etmir, hamısına sürücü kimi yox, “lotu” kimi cavab verir. Verilən cavablardan biri də “filan yerdə saxlamayacağam, kim düşəcəksə, burda düşsün!” və ya “mən nə edim, qrafik belədir, tələsirəm, tez düşün!” “Yaxşı edirəm, belədir!”, “İstəmirsənsə, düş, get!” kimi cavablar verilir. Hətta bəzi sərnişinlərə qarşı “səninlə sonuncu dayanacaqda söhbət edərik!” kimi təhdidkar ritorikalardan istifadə edilir. Avtobusun içində müşahidə kameraları olmasına rəğmən, sürücü ona məhəl qoymur: telefonla danışır, siqaret çəkir, bağırır, sərnişinlərə kobud şəkildə “hərbi komanda”lar verir, dar küçələrdə qazın “belinə oturub”, bir də ürəyi istəyən yerdə saxlayır.

91 nömrəli avtobusdan istifadə edənlər, bu halla çox yaxından tanışdırlar. Biləcəri sakinləri 91 nömrəli avtobusun bəzi sürücülərinə “yavaş sür” deməyə çəkinir. Sürücü sərnişinin üzərinə dartınır, hətta hərəkət zamanı başını döndərib, insanlarla “razborka”ya girir, “söhbət çürüdür”. Dərd odur ki, dəfələrlə tutulan iradlara, şikayətlərə rəğmən, həmin “lotu sürücü”lər yenə eyni avtobus xəttində və eyni ritorika ilə fəaliyyətinə davam edir.

Qeyd olunan avtobus xətti və onun “ağa nəzərəm, belə gəzərəm!” təfəkkürlü sürücülərinin əməlləri ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizimyol.info xəbər portalına bildirilib ki, bu istiqamətdə araşdırma aparılıb, tədbir görüləcək.

Mərkəzdən uzaq və qəsəbədaxili fəaliyyət göstərən bu növ avtobuslar nə üçün hələ də kart sisteminə keçid etmir? Sürücülərin sərnişinlərə qarşı belə aqressiya göstərməsinə səbəb nədir? Vaxt qrafiki niyə çarəsiz xəstəliyə çevrilib? Hər “yoldan keçən”i işə götürüb, günlük yüzlərlə vətəndaşın həyatı bir anda onlara necə əmanət edilir?

Bizimyol.info yaranmış biabrçı vəziyyətin əsas səbəbləri və onun məntiqli həll yolları istiqamətində nəqliyyat üzrə mütəxəssis Rauf Ağamirzəyevlə söhbətləşib.

“Azərbaycanda ilk kartla ödəniş sistemi 2015-ci ildən “BakuBus” avtobuslarından başlayıb və daha sonra şəbəkə genişlənib. İndi 2007 avtobusdan təqribən, 300-də kart sistemi yoxdur. Bəzi avtobuslarda bu sistemi quraşdırmaq fiziki olaraq mümkünsüzdür, onlar xətdən çıxarılmalıdır. Bu il ərzində yüz elektrobus şəbəkəyə qoşulacaq. O zaman həmin məsələ də öz həllini tapmış olacaq.

Digər məsələ ondan ibarətdir ki, daşıyıcıların biznes modeli köhnədir. Ötən il verilən önəmli qərarlardan biri, lisenziya müddətinin hüquqi və fiziki şəxslər bir ildən yeddi ilədək uzadılması idi. Yəni əvvəl bir lisenziya ilə bir il fəaliyyət göstərə bilirdinizsə, indi yeddi il fəaliyyət göstərə bilərsiniz. Bu, önəmli bir qərardır və onun davam olaraq da bugünədək çalışılmış plan sistemi dəyişilərək, “Brutto” müqavilə”lərə keçilməlidir. Brutto müqavilə odur ki, hər km-ə görə dövlət subsidiya edir. Həmin subsidiyalardan sonra daha sərt tələblər olacaq. Həmçinin bilirik ki, ölkəmizdə ciddi sürücü qıtlığı var. Bunun bir səbəbi də əməkhaqqının az, sahənin isə olmasıdır. Bunun aradan qaldırılması üçün brutto xərc müqavilələrinə keçilməlidir. Beləliklə, sürücülərin əməkhaqqı artırıldıqdan sonra bu sahəyə maraq da artacaq.

Stresi azaldan səbəblərdən biri də ayrılmış avtobus zolağı şəbəkəsidir. Avtobus sürücüsünün öz yolu olduqdan sonra bu sahəyə sürücülərin meyli də artacaq. Hətta düşünürəm, bu istiqamətdə qadın sürücüləri də cəlb etmək lazımdır. Beləliklə, ümumi olaraq, həm gender bərabərliyi və ictimai nəqliyyatın keyfiyyətinə təsir edən amillərdən biri olar.

Bu məsələlər sistemli və mərhələli şəkildə icra olunmalı, amma dayanmamalıdır. Burada yarımçıqlığa yol verilməməlidir. Bir qərar verilirsə, onun ardınca bununla əlaqəli olan digər qərarlar da verilməlidir. Nəticə olaraq, ictimai nəqliyyatın keyfiyyətli olması üçün bu sahəyə pul ayrılmalıdır. Həmin vəsait sahibkar və ya dövlət tərəfindən də ayrıla bilər. Beləliklə, keyfiyyət artacaq və bu da həmin sahəyə olan meylliliyi gücləndirəcək.

Həmçinin, bununla əlaqəli olan məsələlər – tutalım, hər bir avtobus dayanacağa gəlirsə, səkinin, dayanacağın, özünün vəziyyəti, avtobusun harada yerləşməsini göstərən tətbiqdəki inteqrasiya məsələləri də öz həllini tapacaq.

Qeyd olunan aqressiyanın kökü nədən qaynaqlanır? İnsanlar bir plan qurur və artıq o plana yetişməyəndə, hirslənirlər. Sürücü nəzərdə tutulmuş qrafik üzrə hərəkət edə bilmədikdə danlanırsa, o da aqressiyaya səbəb olur. Bu səbəblərin aradan qaldırılması yönündə qərarlar verilməli və icrası təmin olunmalıdır” – deyə, nəqliyyat üzrə ekspert əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş: