Manşet Siyasət

Elnur Məmmədov: Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir

Azərbaycan əraziləri işğaldan azad ediləndən sonra orada böyük bir dağıntı ilə qarşılaşıb. Azərbaycanın bütün tikililəri işğal dövründə Ermənistan tərəfindən darmadağın edilib. Bunu sübut edən kifayət qədər fakt mövcuddur.

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan nümayəndə heyəti Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

O bildirib ki, Azərbaycan özündən əmindir: “Ermənistan qanunsuz şəkildə 30 il Azərbaycan ərazilərini işğal altında saxlayıb. Ermənistan bu gün iddialarından heç bir fayda götürə bilməz. İşğal dövründə Ermənistan Azərbaycanın ətraf-mühitinə, ekologiyasına ciddi zərər vurub. Azərbaycan minaların yerləşdirilməsi və ətraf mühitin məhv edilməsinin ayrı-ayrı növ pozuntular olduğunu iddia etmir, əksinə Ermənistanın kampaniyasının ayrılmaz tərkib hissəsi olduğunu bildirir. Azərbaycan Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir. Ermənistan öz qeyri-qanuni hərəkətindən faydalana bilməz. Azərbaycan 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən sonra şəhərlərinin xarabalığa çevrildiyini, mədəniyyət abidələrinin dağıdıldığını və ermənilərin ətraf-mühiti viran qoyduğunu görüb”.

Paylaş: