Cəmiyyət Sosial

Lerik acınacaqlı durumda, başçı öz kefində… – FAKT BUDUR!

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə hər 3-4 evdən birinin qapısına qıfıl vurulub.

Yerli sakinlər Meydan TV-yə bildiriblər ki, yağış yağarkən kəndin ətrafla əlaqəsi kəsilir. Təcili hallarda belə kənddən çıxmaq üçün yağışın dayanmasını gözləyirlər.

Aprelin birinci ongünlüyündə bir neçə gün davam edən yağış nəticəsində yeganə körpünü sel aparıb. Ağçay çayı üzərində vaxtilə dəmir borularla salınmış körpünün uçması nəticəsində mərkəzlə əlaqə kəsilib.

“Bir neçə ildir Bakıya köçmüşəm, Binə qəsəbəsində kirayə yaşayıram. Valideynlərim, yaxın qohumlarım olan yaşlılar kənddə qaldığından gedib-gəlmək məcburiyyətindəyəm. İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”,- ağçaylı Namiq Məmmədov deyib.

Dolanışıq səbəbindən təkcə Ağçay deyil, Lerikin əksər kəndlərindən rayon mərkəzinə, Bakıya köçənlərin sayı çoxdur. Kəndlilər deyirlər ki, Ağçay və ətraf kəndlərin təbiəti gözəldir, şərait yaradılacağı halda turistlərin diqqətini cəlb edə bilər. Yol çəkilərsə, turistlər gələrlər, kəndlilər də qazanar. Kənddə mineral su var, ətrafında istirahət mərkəzi yaratmaq olar.

Ağçay kəndində ibtidai məktəb fəaliyyət göstərir. Məktəbin direktoru Aşurəli Abbasov Meydan TV-yə bildirib ki, yağışlı havalarda, sel olanda uşaqların məktəbə gediş-gəlişi çətinləşir.

“İndi internet əsridir, bizim kənddə isə nəinki internet var, hətta telefon çox yerdə tutmur. Pəncərənin önündən çəkilən kimi xətt kəsiləcək. Yollarda da telefon tutmur. Kənddən köçənlər var”, – A.Abbasov deyib. Bildirib ki, şərait yaradılmayacağı təqdirdə kənddən köçənlər çox olacaq. Təkcə yollar deyil, kənd telefon və internetlə təmin edilməlidir.

Lerik Rayon İcra Hakimiyyətindən isə suallara bir neçə dəqiqədən sonra cavab veriləcəyi bildirilsə də, sonradan telefonlara cavab verilməyib.

Paylaş: