Cəmiyyət

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? – Yeni nazirin etməli olduğu yenilik

Təxminən iki ay əvvəl Azərbaycanın ədliyyə naziri postunu tutan Fərid Əhmədovun faəliyyəti sələfi Fikrət Məmmədovdan xüsusi olaraq seçilmir.

Ötən müddət ərzində yeni nazirin ancaq vətəndaşlarla görüşləri baş tutub ki, bunu sabiq nazir də həyata keçirirdir.

Gununsesi.info-nun araşdırmasına görə, burada yeganə fərq Fərid Əhmədovun vətəndaşlarla görüşündə onları diqqətlə dinləməsi və vətəndaşlara öz dərdini deməsi üçün vaxt məhdudiyyəti qoyulmamasıdır.

Ancaq bu nə zamana qədər davam edəcək, bunu da gələcək göstərəcək.

Bütün bunlarla yanaşı Ədliyyə Nazirliyinin fəaliyyətində xüsusi həllini tapmalı olan bir neçə məsələ var.

Bunlardan biri də Azərbaycanda QHT-lərin dövlət qeydiyyata alınması məsələsidir.

Bu mövzunu xatırlatmağımıza səbəb isə ABŞ Dövlət Departamentinin insan haqlarına dair son hesabatının Azərbaycanla bağlı bölümündə bu problemə xüsusi yer ayrılmasıdır.

Qeyd edək ki, həmin hesabatda Azərbaycanda QHT-lərin qeydiyyatı çətinləşməsindən söhbət açılır.

Bildirilir ki, qanunlar QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb. Bir sıra qanunvericilik müddəaları siyasi partiyaların, dini qrupların, bizneslərin və QHT-lərin fəaliyyətini məhdudlaşdırırdı, o cümlədən QHT-lərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edir. Qanun hökumətin QHT-lərin qeydiyyatı ilə bağlı müraciətləri qəbul etdikdən sonra 30 gün ərzində hərəkətə keçməsini tələb etsə də, qeyri-müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat prosedurları vətəndaşların birləşmək hüququnu məhdudlaşdıran uzun gecikmələrlə nəticələnir.

Yeni nazirin bu problemi həll etməsi üçün iradəsinin olacağını da zaman göstərəcək.

Vətəndaş cəmiyyəti quruculuğu ilə məşğul olmaq istəyənlər isə gözləmək qalır.(Gununsesi.info)

Paylaş: