“ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR…” – “General olduğum üçün məni qurban seçdilər…”
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucovun Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılıb.
Məhkəmədə çıxış edən general deyib ki, onu general olduğuna görə həbs ediblər.
Onun sözlərinə görə, məqsəd də “Tərtər işgəncələri” olayında zərərçəkmişlərin və cəmiyyətin “gözündən pərdə asmaq” olub.
“Həbs olunmağımın səbəbini bilirəm. 42 il xidmət edib general rütbəsi almışdım. Çox deyir, yazırdılar ki, bu hadisələrə görə yüksək rütbəli zabitlər tutulmalıdır. Mən də arxası, dayağı, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım. Məni də ona görə qurbanlıq seçdilər. Göstərsinlər ki general da tutmuşuq…”
2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr olub. İşgəncə nəticəsində bir nəfər zabit həyatını itirib. B.Orucov da Tərtərdə yox, Beyləqandakı işgəncələrə rəhbərlik etməkdə suçlanır.
O dövrdə Tərtərdəki korpusun komandanı Hikmət Həsənov, Beyləqan korpusunun komandanı Mais Bərxudarov olub. B.Orucov da Beyləqan korpusunun qərargah rəisi vəzifəsində çalışırmış.
Beyləqandakı olaylar da bütövlükdə “Tərtər işi” adlandırılan cinayət işi çərçivəsində istintaq edilib. Sonda B.Orucov və həmin olaylarda ittiham olunan daha dörd nəfərin işi ümumi cinayət işindən ayrılaraq məhkəməyə göndərilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general-mayor Orucova 9 il 6 ay həbs cəzası kəsilib. Onunla birlikdə mühakimə olunan dörd nəfərdən ikisi – korpusun təlimatçısı olmuş Ülvi Rəşidov və snayper bölüyünün komandiri Ziya Kazımov da 9 il 6 ay azadlıqdan məhrum edilib. Digər iki nəfərə – Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı, hadisələr vaxtı ora ezam edilmiş İntiqam Məmmədova və Beyləqan korpusunun təhqiqatçısı olmuş Rahib Məmmədova isə 6 il 6 aylıq həbs cəzası verilib.
Adları çəkilən beş nəfərin heç biri özünü təqsirli bilmir, hökmü ədalətsiz sayır. Onların hamısı apellyasiya şikayəti verib. Hazırda şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
“Mən heç kimə pislik eləməmişəm. Adamı tutanda da kişi kimi tutarlar. Ailə üzvlərim müdafiə nazirinin qəbulunda olub. Deyib ki, “mən də bilirəm, Bəkir Orucovun günahı yoxdur, amma əlimdən heç nə gəlmir, ona kömək edə bilmirəm”. Generala bunu eləyirlərsə, görün, adi əsgərin başına nələr gətirərlər”.(Gununsesi.info)