2023-cü ilin noyabrında anti-erməni təbliğatına qarşı mübarizə məqsədilə yaradılan “Qeqard” elmi-analitik fondu (erməni dilindən tərcümədə “Nizə” deməkdir) daha bir cəfəngiyyatla gündəmə gəlib. Bu gün – aprelin 27-də Azərbaycanda “Qərbi Azərbaycana qayıdış” adlı məktəb olimpiadasının keçirilməsi planları erməni “nizəçilərinin” xoşuna gəlməyib. “Təşkil olunmuş məktəb olimpiadası Azərbaycan hakimiyyətinin Ermənistana qarşı təcavüzkar və qanunsuz planlarından əl çəkmək niyyətində olmadığının sübutudur. Bütün bunlar Azərbaycanın uşaqlıqdan öz xalqına anti-erməni nifrətinin necə aşılanmasının göstəricisidir və eyni zamanda sübut edir ki, Azərbaycan hakimiyyəti Ermənistanla bağlı təcavüzkar və qanunsuz planlarından əl çəkməyəcək”, – deyə fonddan açıqlama verilib. Qeyd edək ki, “Qərbi Azərbaycan” ifadəsi uzun müddətdir Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və Azərbaycan hökumətinin tarixi ədalətin bərqərar olmasına yönəlik addımları fonunda, erməni təbliğatçıları arasında dəhşət və qorxu hissi yayır. Bu, danılmaz faktdır. Ermənistanın indiki paytaxtının əsası XVI əsrin əvvəllərində Şah İsmayıl Səfəvinin sərkərdəsi Rəvanqulu xan tərəfindən qoyulub. Sonralar bu torpaqlarda İrəvan xanlığı yarandı – Nadir şah Əfşar imperiyasının süqutu nəticəsində yaranmış Azərbaycan dövlətlərindən biri. İrəvan xanlığı 19-cu əsrin birinci rübündə Rusiya imperiyası tərəfindən işğal edildi və mövcudluğunu dayandırdı. 1918-ci ilin mayında aparıcı dövlətlərin təzyiqi nəticəsində İrəvan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri tərəfindən Ermənistana verildi və yeni yaradılmış respublikanın dünyada tanınması üçün Azərbaycanı buna məcbur etdilər. 1920-ci ildə Sovet Azərbaycanının rəhbərliyi Sovet Rusiyasının təzyiqi ilə Zəngəzurun qərb hissəsinin Sovet Ermənistanına verilməsinə razılıq verdi. Beləliklə, dədə-baba Azərbaycan torpaqlarında süni şəkildə erməni dövləti yaradıldı. Yüzminlərlə azərbaycanlı 1948-1953 və 1988-1991-ci illərdə, vaxtilə mütləq çoxluq təşkil etdiyi Ermənistan ərazisindən qovulub. Qarabağ münaqişəsi 20-ci əsrin sonlarında azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması ilə başlayıb. Nəhayət, Qarabağ münaqişəsinin sona çatması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş proseslər fonunda, azərbaycanlıların Ermənistan Respublikası ərazisindəki öz doğma torpaqlarına – Qərbi Azərbaycana qayıtması imkanı yaranır. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasının təmin edilməsi konsepsiyası beynəlxalq hüquqa, müvafiq milli qanunvericiliyə, tarixi faktlara əsaslanır və ədalətin, sülhün bərqərar olmasına xidmət edir. Belə ki, Qərbi Azərbaycan İcmasının 2023-cü il martın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyana göndərdiyi məktubda icmanın qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmində olduğu və onun həyata keçirilməsi üçün dialoq yolunu seçdiyi vurğulanır. Qərbi Azərbaycan icması Paşinyanı əmin edib ki, azərbaycanlıların öz evlərinə sülh yolu ilə qayıtmaq tələbləri Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə iddialar demək deyil. 44 günlük müharibədə qələbədən sonra ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyan Azərbaycan regionda davamlı sülhün bərqərar olması, sülh müqaviləsinin bağlanması və Ermənistanla münasibətlərin normallaşdırılması, bütün kommunikasiyaların açılması üçün böyük səylər göstərir. Təbii ki, regionda sülhün, sabitliyin və çoxtərəfli əməkdaşlığın təntənəsi şəraitində qaçqınların, o cümlədən yüz minlərlə azərbaycanlının Qərbi Azərbaycana – öz keçmiş yaşayış yerlərinə qayıtması üçün tarixi şans yaranacaq. Beləliklə, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı mövzusu sülh prosesinin elementlərindən biri kimi müəyyən olundu. Azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququnun tanınması Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin mühüm vasitələrindən biridir. Çünki göz qabağındadır ki, bu hüquq təmin edilmədən Azərbaycanla Ermənistan arasında tam barışıq ola bilməz. Bu baxımdan “Qərbi Azərbaycana qayıdış” mövzusunda məktəb olimpiadasının keçirilməsi heç bir halda Ermənistana qarşı təcavüzün təzahürü ola bilməz. Erməni təbliğatçıları nəhayət dərk etməlidirlər ki, azərbaycanlıların Qərbi Azərbaycana qaytarılması prosesi qaçılmazdır. Və təkrar edirik, bütün bunlar sırf sülh yolu ilə baş verəcək. Geri qayıtmaq hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq sənədlərdə təsbit edilib. Prezident İlham Əliyevin 2023-cü ilin yanvarında Azərbaycan televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, “Ermənistanın monodövlət damğasını silməsi yaxşı olardı. Bunun ən yaxşı və ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasıdır”. Gördüyümüz kimi, söhbət tarixi ədalətə nail olmaq istəyi və əzmindən – insanların öz tarixi yurdlarına qayıtmasından gedir. Və “Qeqard” kimi təşkilatların bəyanatları Ermənistanın Azərbaycana qarşı düşmən mövqeyinin hələ də dövlət siyasətinin tərkib hissəsi olaraq qaldığını və dinc yanaşı yaşama, mehriban qonşuluq anlayışlarının ona yad olduğunu göstərir. ayna.az