Cəmiyyət

Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı – TƏFƏRRÜAT

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlayıb.
Yeniavaz.com xəbər verir ki, Dövlət Xidməti “Haqsız rəqabət haqqında” Qanunun 7-ci maddəsinin üçüncü və beşinci abzasının tələblərinin pozulması əlamətləri üzrə araşdırma aparır.
Bildirilir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Auto Azərbaycan” MMC tərəfindən minik avtomobillərinin satışı zamanı bağladığı müqavilənin şərtlərinin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğun olub-olmadığını araşdırır. İşə may ayının 7-də baxılacağı qeyd olunub.
Məlumat üçün bildirək ki, “Auto Azərbaycan” MMC 09 iyul 1996-cı ildə dövət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar olar MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur.
Onu da qeyd edək ki, “Auto Azərbaycan” MMC Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir. “NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlər daxil olub. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.
Qeyd edək ki, Türkiyə mətbuatında “NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.

Paylaş: