Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə “Koneks Construiction” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. Reportyor.info xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. “Koneks Construction” MMC-nin təklifi 387 165,87 manat olub. Satınalma müsabiqəsinin nəticəsi ötən ilin dekabrında dövlət satınalmalrının vahid elektron portalında açıqlanıb. Lakin tərəflər arasında hələ ki, müqavilə bağlanmayıb. “Koneks Construcition” şirkəti “tender kralı” kimi tanınır. Şirkət vaxtaşırı satınalma müsabiqələrinin qalibi seçilir. Xüsusilə təmir-tikinti, abadlıq işləri ilə bağlı tenderlər “Konkes Construction”a verilir. Baxmayaraq ki, şirkətlə bağlı şübhəli məqamlar var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Reyestr məlumatlarında şirkətin 2019-cu ildə qeydiyyata alındığı göstərilsə də, bir çox mənbələrdə “Koneks Construction” MMC-nin 2016-cı ildən fəaliyyətdə olduğu qeyd edilir. Belə məlum olur ki, şirkət 3 il vergidən kənar fəaliyyət göstərib. “Koneks Construction”la bağlı başqa bir şübhəli məqam onun geyim, dəftərxana ləvazimatları ilə bağlı keçirilən tenderlərdə də qalib seçiməsidir. Deməli, geyim və ofis ləvazimatları satan şirkət həm də tikinti sektorunda fəaliyyət göstərir. O zaman ortaya sual çıxır: Çoxprofilli, tenderlərin vaxtaşırı qalibi seçilən, iriməbləğli sifarişlər alan bu şirkət haqqında açıq mənbələrdə nədən heç bir məlumat yoxdur? Şirkətin adicə internet səhifəsi və əlaqə telefonlarına belə, rast gəlinmir. Bu isə “Koneks Construction” MMC-nin tenderlərdə istfadə etmək üçün yaradılan və fəaliyyəti kağız üzərində olan şirkətlərdən biri olmasına şübhələri artırır. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur. O, 2019-cu ildən rayona rəhbərlik edir.