Cəmiyyət

Birdən Paşinyan UDUZARSA… – GƏLİŞMƏ


Xəbər verildiyi kimi, mayın 9-da Azərbaycanla sərhəd kəndindən keşiş Baqrat Qalstanyanın başçılığı ilə başlayan yürüş İrəvanda davam etdirildi. Yürüşün delimitasiyanın dayandırılması tələbi ilə İrəvanda böyük mitinqlə tamamlanması gözlənilirdi. Amma heç də gözləntilər özünü doğrultmadı, lakin aksiyalar davam edir. Əsas hədəf Paşinyanın istefasına nail olmaqdır. Bunun üçün hətta ona ilk an üçün bir saatlıq vaxt da verilmişdi. Lakin nəticə hələ ki, əldə olunmayıb.

“Baş nazirin adı ilə bağlı hələ də razılıq yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri İrəvanda keçirilən etiraz aksiyasına başçılıq edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan bildirib.

Onun sözlərinə görə, məsələ parlamentdəki fraksiyalarla müzakirə olunacaq, müəyyən məsləhətləşmələr aparılacaq. “Bütün siyasi meydan bu şəxsin ətrafında birləşəcək və onun kim olduğu açıqlanacaq”, – deyə keşiş vurğulayıb.

O deyib ki, parlamentdəki müxalifət fraksiyası ilə müzakirələr aparılır.

Keşiş qeyd edib ki, müxtəlif adlar müzakirə olunur.

“Bizim hərəkat indiyədək siyasi proses olmayıb. İndi, fikrimizcə, hər şey siyasi xadimlərin məsləhətləşmələrinin nəticələrinə əsasən planlaşdırılmalıdır. Parlament üzvləri ilə görüşməyə çalışdıq ki, proseslər necə gedə bilər. Onlar prosesi davam etdirməyə hazırdırlar və qanuni şəkildə başa çatdırmağa çalışırlar. O zaman baş nazirliyə namizəd lazım olacaq. Yəqin ki, bundan sonra hər şey açıqlanacaq”.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələrinin təşəbbüsü əsasında müxalif “Vətən naminə Tavuş” hərəkatının üzvləri ilə danışıqlar aparılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkatın liderlərindən biri, politoloq Suren Petrosyan açıqlayıb.

Onun sözlərinə görə, bu təşəbbüs tərəflər arasında maneələrin aradan qaldırılmasına yönəlib: “Məqsədimiz qarşıdurma deyil, barışıqdır. Biz barrikadaların əks tərəfində dayanmağa deyil, onları dağıtmağa çalışırıq”, – deyə Petrosyan qeyd edib.

Qalstanyan Kanada vətəndaşı imiş.

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Onun bu halda baş nazir postuna namizəd olması mümkün deyil.

Qeyd edək ki, bundan əvvəl keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Baqrat Qalstanyan baş nazir postuna namizəd ola bilər.

Nikol Paşinyan iqtidarı əleyhinə başlamış yeni hərəkatın qəmli sonluğu gəldimi? Radikal revanşistlərə niyə geniş ictimai dəstək yoxdur? Axı bu dəfə ilk baxışda “siyasi müxalifət” yox, erməni kilsəsi, keşişlər öndə gedir?

Dinc yolla hakimiyyəti dəyişə bilməyən radikallar bunun ardınca Paşinyana qarşı sui-qəsd cəhdləri işə sala bilərmi?

Deputat Bəhruz Məhərrəmov maraqlı qüvvələrin proseslərə mane olmaq üçün hərəkətdə olduqlarını söylədi: “Ermənistanın Tavuş vilayətində başlamış və xüsusən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın aprelin 19-dakı iclasından sonra daha geniş miqyas alan aksiyalar ilk növbədə Qərbin, yəni konkret olaraq bu bölgədə sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxan subyektlərin təşkil etdiyi bir prosesdir. Fransanın Ermənistandakı səfirinin Ermənistan mediasına müsahibəsindən də aydın görünür ki, Qərb bu bölgədə Bakı və İrəvan arasında əldə olunan razılığın artıq real sülhün addım səsləri olduğunu başa düşür və anlayır ki, bu prosesin dayandırılması üçün ilk növbədə 19 aprel sazişi pozulmalıdır. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan təhrikçi kimi çıxış etməyə başladığı, kilsə və diasporun dəstəklədiyi, eyni zamanda Ermənistanın daxilində revanşist qüvvələrin aktiv rol aldığı bu aksiyaların artıq İrəvanı əhatələməsi göstərir ki, sülh üçün unikal imkanın yarandığı bir dövrdə maraqlı qüvvələr prosesə maneə olmaq cəhdlərində israrlıdır. Bu əslində məlum ssenaridir və bildiyiniz kimi, 27 oktyabr 1999-cu il tarixində bir neçə terrorçunun Ermənistan parlamentinin binasına daxil olaraq, spiker Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyan olmaqla spikerin müavinləri, bir hökumət üzvü və üç deputatın güllələnməklə Robert Köçəryanı və Serj Sərkisyanı siyasi rəqiblərini meydandan götürərək sülh prosesini dalana dirəmişdilər. Maraqlıdır ki, müharibədən sonra, xüsusən antiterror tədbirlərinin ardınca qınına çəkilmiş ”Qarabağ klanı”da artıq “kilsə aksiyalarına” qoşulub və bu təsadüf hesab edilə bilməz.

Aydındır ki, Paşinyan özü də Qərbin kadrıdır, məhz Qərbin ssenarisi üzrə meydanlardan hakimiyyətə gəlib. Amma görünən odur ki, Paşinyanın Azərbaycanın yaratdığı reallıqlar fonunda praqmatik düşünməkdən başqa çarəsi qalmadığı bir dövrdə, sülh və sabitlikdən başqa çıxış yolunun olmadığı və Ermənistan dövlətçiliyinin mövcudiyyətini ancaq bu formada qoruya biləcəyini anladığı bir vaxtda Qərb Paşinyandan artıq üz döndərib. Fransa başda olmaqla şər blokuna bölgədə münaqişəni davam etdirməkdə israrlı olan, reallıqları görməzdən gələn yeni bir lider lazımdır. Nəticə etibarilə “Qarabağ klanı”nın prosesə qoşulması, həmçinin hakimiyyət daxilində hazırda da vəzifə tutan bir sıra şəxslər, o cümlədən Ermənistan Təhlükəsizlik Şurasının katibi, həmçinin xarici işlər nazirinin bu proseslərdə nisbətən arxa plana çəkilməsi artıq yeni müttəfiqlərlə bağlı fikir yürütməyə əsas verir. Bir sözlə reallıqdır ki, proseslərin təhlükəli istiqamətdə cərəyan edir və xüsusən, xarici işlər nazirlərinin Almata görüşü fonunda və COP29-a qədər sülhün əldə edilməsinə dair iradə ifadə olunduğu bir dövrdə proseslərin bu cür inkişafı arzuolunan deyil. Amma istənilən halda bu proseslər Ermənistanın daxili məsələləridir və Azərbaycan hərbi-siyasi yolla elə bir reallıq yaradıb ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu bölgədə cənab İlham Əliyevin yaratdığı status-kvo dəyişməzdir”.

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Paşinyanın hər bir plana qarşı hazırlıqlı olduğunu qeyd etdi: “Baqrat Qalstanyanın Tavuşdan başladığı yürüşün yol boyu izdihamlı olmayacağı, yalnız İrəvanda onlara qoşulanların daha çox olacağı öncədən proqnozlaşdırıldı. Əslində bu etirazların kökündə, yəni onun təşkilində, idarə olunmasında əsas rolu Köçəryan, Sərkisyan və onlara yaxın qruplar oynayır. Kilsənin də bu işlərə qarışması etiraz dalğasını müəyyən qədər böyütsə də, yenə də kütləvilik ”Qarabağ klanı” vasitəsilə təmin olunur. Bunlar Ermənistan hakimiyyəti üçün sirr deyil və Paşinyan böyük ehtimalla proseslərin nəzarətdən çıxmaması üçün planlarını hazırlayıb. O səbəbdən onda rahatlıq var. Eyni zamanda, düşünmək olar ki, Paşinyan bəlkə də bu etirazlardan dolayı Azərbaycanla danışıqlarda müəyyən şərtlər irəli sürər və bu da o anlama gələr ki, hazırkı durumda baş verənlər rəsmi İrəvanın maraqları daxilindədir. Yəni belə bir plan olsa belə bəlli bir həddən sonra nəzarətdən çıxıb təhlükəli məcrayaya yönələcəyi halda onun qarşısını almaq da çətin olacaq. O səbəbdən bu gün yaxud sabahdan etibarən etirazların yatırılması və təşkilatçıların neytrallaşdırılması istiqamətində işlərin başlanması gözlənilir. Paşinyana istefası ilə bağlı verilən ultimatumlar, tələblər, təhdidlər düşünürəm ki, bir fayda verməyəcək. Hətta istefa vermək istəsə belə birincisi buna dostları imkan verməyəcək, ikincisi bu gün üçün az ehtimal olsa da belə bir addım olacağı halda Paşinyan komandasından başqa birinin baş nazir olacağı da şübhəsizdır. Bu isə etirazçıları qane eləmir. Həm də nəzərə alınmalıdır ki, baş nazir parlamentdə seçilir və parlamentdə isə mütləq çoxluq Paşinyanın partiyasındadır. Yəni müxalifətin siyasi yolla istəyinə ən azı növbəti parlament seçkilərinə qədər çatması çox çətindir. Qalır qeyri konstitusion yolla buna cəhd etmək. O zaman belə planın işartılarının görünməsi kifayət edəcək ki, Paşinyan etirazları birdəfəlik yatırdıb, təşkilatçılarını uzun müddətə həbsə göndərsin. Yəni fors-major hadisələr baş verməyəcəyi halda bugünkü etirazların dalğasında Paşinyan istefa vermək haqqında düşünməyəcək, əksinə özünün ənənəvi müxalifətini birdəfəlik meydandan silməsi üçün yaranan şəraitdən istifadə edəcək. Nəzərə almaq lazımdır ki, kilsənin öndə olması təbliğatı getsə də, insan etirazlara Qarabağ klanının rəhbərlik etdiyini yaxşı bilir və uğur qazanacaqları halda hakimiyyətin yenidən bu klan vasitəsilə formalaşacağını yaxşı anlayırlar. Eyni zamanda, həmin komandanın müharibə, revanş ritorikası da insanları çox qorxudur. Çünki bilirlər ki, yeni müharibə onlar üçün övladlarının itkisi deməkdir”.

REAL Siyasi Komitəsinin üzvü Natiq Cəfərli İrəvandakı proseslərlə bağlı maraqlı bir status paylaşıb: “İrəvan yenə qarışıb, amma görünən odur ki, Paşinyan bu dəfə də sükanı əlində saxlamağı bacaracaq, çünki, kilsəni qabağa verən qüvvələr xalqı bir az tərpədə bildilər, amma etirazların lideri və simvolu olan ”keşiş Qaponun”, Qalstanyanın gedib Köçəryanla görüşməsindən, “Qarabağ klanının” bu aksiyanın əsas sponsoru olduğu ortalığa çıxmasından sonra bu aksiyanın 2-3 günə sönəcəyini artıq indidən söyləmək mümkündür. Paşinyan və komandası erməni toplumu üçün acı da olsa, bəlli bir həll yolları təqdim edir, yeni siyasi-fəlsəfi diskurs açır (xəyali Ermənistandan real Ermənistana keçid), sülhdən, əməkdaşlıqdan danışır – yaxşı, Qarabağ klanı, kilsə, keşişlər alternativ olaraq nə təqdim edirlər? Heç nə, pafos, müharibə, münaqişə, tarixi miflər – orta statistik ermənini bu mövzular ilə cəlb etmək mümkün deyil, özü də prosesdə Qarabağ klanı varsa, heç mümkün deyil. Orta statistik erməni anlayır ki, indi zəifdilər, 200 illik təhlükəsizlik konsepsiyaları da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir, iqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur – yeganə rasional yol qonşularla normal münasibətlər quraraq dinc yaşamaqdan, miflərdən qurtulmaqdan keçir.

Aksiyaya İrəvanın baş meydanında 20-25 min adam yığışdı, bu son illər Paşinyan əleyhinə olan ən böyük mitinq idi, amma bundan sonra o qədər insanın yığışacağını düşünmürəm – hə, bir də, əgər məlum olsa ki, meydana gələnlərin arasında Rusiyadan gələn minlərlə “relokantlar” olub, şəxsən mən təəccüblənmərəm, bu gün İrəvanda 100 minə yaxın Rusiya vətəndaşı yaşayır…”.

“Yeni Müsavat”

Paylaş: