Mayın 8-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşlə bağlı rus mediasının yaydığı məlumatlarda qeyd edilib ki, Putin Rusiya-Ermənistan münasibətlərinin bütün spektrini, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə etməyi təklif edib. Bildirib ki, regional təhlükəsizliklə bağlı suallar var: “İndi bu barədə açıq şəkildə ətraflı danışmayacağıq. Amma Avrasiya İqtisadi İttifaqının (Aİİ) işi kənarında, əlbəttə ki, münasibətlərimizin bütün kompleksi, o cümlədən regional təhlükəsizlik məsələlərinə toxunmaq barədə danışmaq imkanı var”.
Paşinyan isə öz növbəsində Putinə səmimi qəbula və Aİİ sammitinin gözəl təşkilinə görə təşəkkür edib. Ermənistanın Baş naziri xatırladıb ki, liderlərin əvvəlki görüşü 2023-cü ilin dekabrında baş tutub, lakin o vaxtdan bəri müzakirə edilməli olan çoxlu məsələlər yığılıb qalıb.
Putin qeyd edib ki, Aİİ-də əməkdaşlıq bütün ölkələr, o cümlədən Ermənistan üçün müsbətdir. Beləliklə, onun sözlərinə görə, Ermənistanın İttifaq ölkələri ilə ticarət dövriyyəsi 14 dəfə artıb: “Ancaq ikitərəfli münasibətlərə gəlincə, onlar da çox uğurla inkişaf edir və biz həmişə ilk növbədə iqtisadi əməkdaşlığa diqqət yetiririk”.
Onun sözlərinə görə, son bir ildə ticarət dövriyyəsində əhəmiyyətli artım olub: “Bu, əsasən idxalın artması ilə bağlıdır.Amma burada təkcə ticarət dövriyyəsinin artımı ilə bağlı məsələlər yoxdur. Regionda təhlükəsizliklə bağlı suallar var”.
Paşinyan isə söhbəti siyasi münasibətlərə yönəldib: “Burada, əlbəttə ki, biz Şuranın iclası zamanı artıq iqtisadi bloku müzakirə etmişik və əminəm ki, ikitərəfli münasibətlərdə, regional məsələlərdə mühüm məsələləri müzakirə edəcəyik”.
Daha sonra onlar 1 saata yaxın bağlı qapılar arxasında görüşü davam etdiriblər.
Ekspertlər bildirirlər ki, görüşün normal atmosferdə keçməsi, verilən bəyanatlar göstərir ki, iki ölkə arasında münasibətlər heç də kənardan görünən kimi gərgin deyil.
Putin-Paşinyan görüşü və Rusiya-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı AYNA-ya danışan sabiq xarici işşər naziri Tofiq Zülfüqarov deyib ki, onsuz da Moskva-İrəvan münasibətlərində qeyri-hamarlıq yox idi. Onun sözlərinə görə, üzdə görünənlərlə yox, ipucları ilə baş verənləri analiz etmək lazımdır:
- Əvvəlcə özümüzə sual verməliyik: bu, həqiqətən də qarşıdurma idi, yoxsa görüntü idi?! Mən həmişə o mövqedə olmuşam ki, Moskva ilə İrəvan arasındakı gərginlik görüntü yaratmaqdır. Məsələ belədir ki, Ermənistanın Rusiyadan tələbləri bəzən reallıqdan uzaq, bəzən də gülməli idi. Rusiyanın Ermənistanda bir neçə min sərhədçisi, Gümrüdəki hərbi bazası mövcuddur. Ermənistanın havadan müdafiə sistemi birmənalı olaraq Moskvadan idarə olunur. İndi Ermənistanın tələblərinə baxaq. İrəvan tələb edir ki, Zvartnost hava limanındakı Rusiya hərbçiləri oradan çıxarılsın. Hansı ki,onların sayı 15-20-dir. Bununla guya KTMT ilə əlaqələri pozurlar. Bu, gülməli və biabırçılıqdır.
- Amma Ermənistan rəsmilərindən KTMT haqqında kifayət qədər sərt bəyanatlar və addımlar atılır. Məsələn, İrəvan KTMT-nin sənədlərinə imza atmaqdan imtina etdi, tədbirlərinə qatılmır…
- KTMT onsuz da çoxdandır kağız üzərində fəaliyyət göstərir. Bu təşkilatın varlığı ilə yoxluğu bilinmir. Hamı bilirdi ki, KTMT-də qərar verən Rusiyadır və Moskva hansı qərar verirsə, ona uyğun addımlar atılır. Ümumiyyətlə, Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik sazişi var. Bu zaman İrəvan niyə Rusiyaya yox, KTMT-yə müraciət edir? Demək ki, KTMT-yə ittihamlar səsləndirməklə görüntü yaratmaq istəyirlər. Məsələ bundan ibarətdir.
- Bu görüntünü yaratmaq İrəvanın və Moskvanın nəyinə lazımdır?
- Ermənistan Qərbə göstərmək istəyir ki, guya Rusiya ilə münasibətlər pisdir. Bu yolla da gedib Qərbdən dilənirlər, iqtisadi yardım, pul alırlar. Bu, belə də oldu. Brüsseldə keçirilən ABŞ-Avropa-Ermənistan görüşünün nəticəsi bunu sübut edir. Həmin görüşdən sonra Ermənistana kifayət qədər maliyyə yardımı ayrıldı.
Rusiyaya da bu görüntü lazımdır. Çünki hər zaman Ermənistanı maliyyə ilə təmin edən Rusiya indi bunu edə bilmir, özünün ehtiyacları var. Bu səbəbdən də Moskva İrəvanla qeyri-rəsmi razılaşma əldə edib, oyun oynayır ki, Ermənistana Qərbdən yardım ala bilsin. Məsələ bu qədər sadədir. Real təhlil onu göstərir ki, bu oyundur və məharətlə oynayqırlar. Paşinyanla Putin arasındakı görüş və verilən bəyanatlar da təhlilimizi doğruldur. Rəqəmlərə diqqət yetirmək lazımdır. Putin-Paşinyan görüşündə, Aİİ-nin iclasında bəyan edildi ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi artıb. Bəyan etdilər ki, bu rəqəm 9 milyarda çatdırılmalıdır. Belə düşmənçilik olur? Deməli Ermənistan Rusiyanın sanksiyalarından yan keçməsi üçün əsas tərəfdaşlardan biridir. Bu halda, demək olar ki, iki ölkə arasında münasibətlər çox yaxşıdır.
- Bu oyunu Qərb başa düşmür ki, Ermənistana dəstək verir?
- Əslində Qərbin mövqeyində də dəyişiklik var. Qərb İrəvana dedi ki, əgər maliyyə və hərbi dəstək istəyirsənsə, o zaman Rusiyanı çıxarın. Ermənistan da bildirdi ki, Rusiyanı çıxarsaq, siz gəlmirsiniz. Yəni Qərb Rusiyanın verdiyi təminatı Ermənistana vermək istəmir. Qərb də mövqeyində dəyişiklik etdi, Rusiya hərbçiləri Ermənistanda qala-qala bu ölkəyə yardım edir. Beynəlxalq ictimaiyyətə də elə göstərir ki, guya sabah Azərbaycan Ermənistana hücum edəcək, məhv edəcək. Bunlar da Ermənistana kömək edəcək. Bu da ləğv olunmuş Minsk Qrupunun birgə siyasətidir ki, davam edir. Azərbaycan bu siyasəti hər zaman hiss edib, bilir. İndi Minsk Qrupu dağılsa da, fövqəldövlətlər oyuna davam edirlər, Rusiya da bu oyunun tərkib hissəsidir. Belə deyək, Ermənistan məsələsində Qərb-Rusiya anlaşması var ki, bu anlaşma hələ də qüvvəsini saxlayır.