Cəmiyyət Sosial

Yasamalda daha bir ÖZBAŞINALIQ – İŞƏ POLİS QARIŞDI

Bakının mərkəzində, Mirzəağa Əliyev küçəsində yerləşən restoranın qarşısı avtomobillər tərəfindən zəbt olunub.

Oxu.Az-ın məlumatına görə, mərkəzi küçədə dayanma-durmanı qadağan edən nişanın olmasına baxmayaraq, həmin ərazidəki səkidən parklanma yeri kimi istifadə olunur. Buradakı qiyməti isə ərazidəki “parkovşik” təyin edib – 2 manat.

Bundan əlavə, avtomobillərin səkiyə rahat giriş-çıxışını təmin etmək üçün velosiped zolağını avtomobil yolundan ayıran baryerlər də sökülüb.

Qeyd edək ki, sözügedən ərazidə həm yeraltı, həm yerüstü dayanacaq yerləri mövcuddur.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, sözügedən ərazidə yol hərəkəti qaydalarını pozan sürücülər barəsində DYP əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

“Təəssüflə qeyd etməliyik ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər avtomobillərini səkidə saxlayaraq piyadaların rahat və təhlükəsiz hərəkətinə mane olurlar. Sürücülərdən xahişimiz və tələbimiz ondan ibarətdir ki, qaydalara biganə yanaşmasınlar və piyadaların həyat və sağlamlığını təhlükə altına atmasınlar”, – deyə T.Nəsirli vurğulayıb.

Paylaş: