Sakit okeanın cənubunda xırda bir arxipelaq özünü dünya siyasətinin mərkəzində tapıb. Həftənin əvvəlindən Yeni Kaledoniyada (Fransanın dənizaşırı ərazisi – red.) Beşinci respublikanın müstəmləkəçilik siyasətinin əleyhdarlarının təşkil etdiyi etiraz aksiyaları davam edir.“Zirvə yolu”nun NEWS.ru-ya istinadən verdiyi xəbərə görə, Yeni Kaledoniya parlamentində Fransadan müstəqillik tələb edən deputatların sayı artıq, demək olar, yarıya çatıb.Bazar ertəsi arxipelaqın paytaxtı Numeada müstəqillik tərəfdarlarının dinc nümayişi çaxnaşmaya çevrilib. Onlarla mağaza, aptek və yanacaqdoldurma məntəqəsi yandırılıb və talan edilib. Biri 22 yaşlı jandarm əməkdaşı daxil olmaqla 4 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. O vaxtdan bəri adalarda həm dinc etirazlar, həm də polislə toqquşmalar, qırğınlar və yanğınlar davam edir. İqtidar bu hadisələri 1980-ci illərdəki oxşar hadisələri xatırladan “üsyan”la müqayisə edib.Yeni Kaledoniya bir böyük və bir qrup kiçik adadan ibarət arxipelaqdır. Beşinci respublikanın bu “xüsusi inzibati-ərazi quruluşu” Avstraliyanın şərqində, Sakit okeanın cənubunda yerləşir. Əhalisi 245 min nəfərdir ki, onlardan, demək olar, 100 mini paytaxt Numea şəhərində yaşayır.“Adanın avtoxton əhalisi – kanaklar – sakinlərin 40 %-dən azını təşkil edir, onlar daim müstəqillikdən yana düşünürlər. Müstəqillik hərəkatı 20-ci əsrin ikinci yarısından bəri mövcuddur, indiki iğtişaşlar hələ 80-90-cı illərdə olmuşdu”, – Sankt-Peterburqdakı Uzaq Şərq ölkələrinin Tədqiqatı Mərkəzinin rəhbəri Kiril Kotkov NEWS.ru-ya müsahibəsində qeyd edib.O, Fransanın Yeni Kaledoniyada digər metallarla yanaşı ən böyük nikel yatağına sahib olduğunu vurğulayıb.“Fransa üçün Yeni Kaledoniya itirmək istəmədikləri mühüm müstəmləkədir. Eyni zamanda, adada hər dördüncü insan yoxsulluq həddinin altında yaşayır. Qeyd etmək lazımdır ki, Fransa özünü hərbi bazalarının yerləşdiyi Sakit okeanda supergüc hesab edir. Bu gün isə Hind-Sakit okean regionu qlobal iqtisadi inkişafın mərkəzinə çevrilir. Ona görə də Fransanın Yeni Kaledoniyanı saxlaması vacibdir. Onu itirmək bir siyasətçi kimi Makron üçün, ümumilikdə isə müstəmləkəçi dövlət kimi bütün Fransa üçün son zərbə olacaq”, – Rusiya Dövlət Dumasının Ekologiya, təbii sərvətlər və ətraf mühitin mühafizəsi komitəsinin üzvü Cəmaləddin Həsənov bildirib.Onun sözlərinə görə, Makron və komandası yerli əhalinin maraqlarını nəzərə almır və onların “onsuz da məhdud qalmış hüquqlarını” pozan qanun layihələri qəbul edir.1980-90-cı illərdə Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında kütləvi toqquşmalar başlayıb və bu, az qala vətəndaş müharibəsinə gətirib çıxarıb. Nəticədə sülh sazişi imzalanıb – müstəqillik tərəfdarları Parisdən muxtariyyət hüquqlarını əhəmiyyətli dərəcədə genişləndirməyə nail olublar.Beləliklə, 1998-ci ildə imzalanan Numea razılaşması müstəqilliklə bağlı üç referendumun keçirilməsinə zəmanət verib. Üstəlik, sənədə əsasən, bu referendumlarda yalnız müqavilə bağlanan zaman – 1998-ci ildə seçici siyahılarına daxil edilmiş vətəndaşlar və onların övladları səsvermə hüququna malik olub. Belə ki, sonradan arxipelaqda məskunlaşan etnik fransızların səsvermə hüququ yox idi.“Politico” qəzetinə görə, Fransa rəhbərliyi hesab edir ki, iğtişaşlar Rusiya və Azərbaycandan idarə olunur.Bakı artıq Fransa hökuməti üzvlərinin həmlələrinə cavab verib. Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın daxili işlər naziri Darmaninin iğtişaşlarda iştirakı ilə bağlı bəyanatını təkzib edib, bu cür təhqiramiz açıqlamaları pisləyib və qarayaxma kampaniyasına son qoyulmasını istəyib. Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Parisin müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı cinayətlər, eləcə də milyonlarla insanın qətlə yetirilməsi tarixini xatırladıb. O, Darmaninə “öz ölkəsinin uğursuz xaric siyasətinə diqqət yetirməyi” tövsiyə edib.“Bu adalar müstəmləkəsizləşdirilməli olan ərazilər siyahısındadır, ancaq Fransa adanın əlverişli mövqeyini nəzərə alaraq orada müstəqillik elan etmək istəmir”, – Milli Məclisinin deputatı Rasim Musabəyov “NEWS.ru”ya deyib.Onun sözlərinə görə, Paris bu ərazilərin etnik tərkibinin yerli əhalinin xeyrinə dəyişməməsi üçün hər şeyi edir. O qeyd edib ki, Bakının etirazçılara hansısa formada dəstək verməsi ilə bağlı faktlar yoxdur.“Azərbaycanın etirazçıları maliyyələşdirməsi və ya silahla təmin etməsi ilə bağlı heç bir fakt yoxdur. Nümayəndələri Bakıdan xəbərsiz Qarabağa səfər edən Fransa hökumətindən fərqli olaraq”, – Musabəyov vurğulayıb.