Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun… – YENİ HEYƏTDƏ OLACAQLARMI?
Seçki sistemində hər hansı problem olmayan, seçki komissiyalarının şəffaf və obyektiv fəaliyyət göstərdiyi ölkələrdə hansısa iş adamının deputatlıq iddiasına düşməsində, parlamentə seçilməsində vətəndaşlar qəbahətli heç nə görmürlər. Məntiqlə iş dünyasında hər hansı korrupsiya, inhisarçılıq, oğurluq və digər kölgəli mexanizmlərdən keçmədən uğur qazanan birinin siyasətdə də özünü sınamasında pis heç nə yoxdur.
Əksinə, özlərinə görə uğur hekayələri olan və cəmiyyətə fayda verən belə adamların uğurlu siyasi fiqurlara çevrilməsi perspektivi onları seçici üçün daha cəlbedici edir.
Həmin adamların parlamentə düşməsi isə Azərbaycandakı kimi öz bizneslərini qorumaq, dövlət sifarişlərinə, tenderlərə yol tapmaq, yaxud ən yaxşı halda şöhrətpərəstlik, yekəxanalıq məqsədi daşımır. Onların öz bizneslərini deputat mandatı ilə qorumağa ehtiyacları yoxdur. Bu səbəbdən həmin ölkələrdə Azərbaycandan fərqli olaraq, bir çox iş adamının uğurlu, ölkəsinə fayda verən siyasi fiqura çevrilməsinin saysız-hesabsız nümunələrini görürük…
Əslində, deputatın keyfiyyəti qanunvericilik fəaliyyəti, siyasi aktivliyi və s. ilə ölçülür və bu zaman onun çıxışları indikator rolu oynayır. Bu baxımdan mətbuatda bizim bəzi deputatları “lal deputatlar” adlandırırlar. Ancaq əsas məsələ deputatın parlamentdə, yaxud ondan kənarda çox danışması deyil, nə danışmasıdır. Ola bilsin elə danışmayan deputatlar var ki, çox danışanlardan daha savadlı və faydalıdırlar. Bəzi “fəal” deputatlar isə bəlkə də danışmasaydılar daha yaxşı olardı…
Yaxın aylarda Azərbaycanda yeni parlament formalaşdırılacaq. Heç kimə sirr deyil ki, qanunvericiliyin ziddinə olaraq, hazırda Azərbaycan parlamentinin üzvlərinin müəyyən qisminin iri, böyük hissəinin isə orta və kiçik biznesi var. Demək olar, hər zaman da belə olub. O da məlumdur ki, bizdə iş adamının parlamentə düşməsi onları əvvəlki işlərindən qətiyyən ayırmır. Bu adamlar yenə də günlərinin böyük hissəsini siyasi fəaliyyətə, qanunvercilik təşəbbüslərinə, seçicilərinin problemlərinə və deputatlıq vəzifəsindən irəli gələn digər fəaliyyətlərə deyil, öz bizneslərinə həsr edirlər. Bizdəkilər heç zəhmət çəkib siyasi savadlarını artırmağa belə vaxt sərf etmək istəmirlər ki, bunun da saysız-hesabsız nümunələri var. Bu adamlar mətbu orqanlardakı məqalələrini, hətta müsahibələrini, yaxud nadir hallarda rast gəldiyimiz parlamentdəki çıxışlarını belə özləri hazırlamırlar, kimlərəsə yazdırırlar…
Biznesmen-deputatların sayı parlamentimizdə kifayət qədər çoxdur və onları hamı tanıyır. Məsələn, deputat Ağalar Vəliyev var. Tikinti maqnatıdır. Pulu, var-dövləti, biznesindən başqa heç nəyi ilə seçilməyib. Hansısa təklifini, təşəbbüsünü, cəmiyyəti maraqlandıran mövzularda mövqeyini, çıxşını görən olmayıb.
Belə bir adamın Azərbaycan siyasətində, parlamentində olması vacibdirmi? Onu parlamentdə nə maraqlandıra bilər axı? Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan A. Vəliyev indiyə qədər zəhmət çəkib statistika xatirinə belə çıxış etməyi özünə rəva bilmir. Ancaq özünə arxayındır və bilir ki, indiyə qədər necə “seçilibsə”, indidən sonra da belə davam edəcək.
Soruşan da yoxdur ki, ümumiyyətlə siyasi tipi və siyasətlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan belə deputatlara parlamentin nə ehtiyacı var? Onların depuatat olması bu dövlətə, seçiciyə nə verir axı? Qapısına gələn 3-5 kasıba 5-10 manat verməkmi(onu da versələr)? Deputat bu olmalı, belə olmalıdırmı?
Axtaran olsa, bizim biznesmen-deputatların bizneslərində saysız-hesabsız qüsurlar, qanunsuzluqlar, vergidənyayınmalar və s. tapar. Bu da təkcə həmin şəxslərin tamahkarlığından yox, həm də ölkədəki biznes mühitindən, vergi və məhkəmə sisteminin idealdan çox-çox uzaq olmasından qaynaqlanır.
Azərbaycanın vergi və qanunvericilik sisteminə qeyd-şərtsiz riayət etsəydilər, başqa-başqa məlum yollara baş vurmasaydılar onlar çətin ki, milyonçuya, oliqarxa çevrilərdilər. Ona görə də necə “gözükölgəli” biznesmen, iş adamıdırlarsa, o cür də deputatdırlar. Ona görə də nə siyasətçi kimi siyasətçi, nə də klassik mənada biznesmen kimi biznesmen ola bilirlər. Ona görə də iş, biznes mühitinin yumşaldılmasına, liberallaşdırılmasına dair real təşəbbüslərlə çıxış etmək əvəzinə vergi yükünün artıtrılmasına, kiçik və orta sahibkarlığın həyatının ağırlaşdırılmasına yönələn məhdudiyyətlərə səs vermək məcburiyyətindədirlər. Ümumiyyətlə, sanki deputatların əksəriyyəti(necə seçilmələrindən asılı olmayaraq) ya xalqın adından danışmaq, mövqe qoymaq, tələb etmək səlahiyyətlərini bilmir, hiss etmirlər, ya da bu məsuluyyətdən qorxurlar…
Azərbaycanda uğurlu iş adamının nə dərəcədə faydalı deputat olmasının, məsələn, Cavanşir Feyziyev nümunəsi var. Adam Böyük Britaniyadan üzü bu yana Azərbaycanın onsuz da müxtəlif geosiyasi qüvvələrin qaralamağa çalışdığı imicinə vurmadığı ziyan qalmayıb.
Bir Azərbaycan deputatı kimi adı, eləcə də Azərbaycanda qazandığı milyonlar Britaniya məhkəmələrinin və mətbuatının müzakirə predmetidir. Mülkləri, pulları məhkəmə yolu ilə əlindən alınır. Onun sayəsində Azərbaycandakı biznes mühitinin eybəcərlikləri bir qədər də şişirdilmiş şəkildə bütün dünyaya car edilir, siyasiləşdirilir və ölkəmizə qarşı istifadə edilir. Ancaq bizdə ondan soruşan yoxdur ki, mənşəyi yumşaq desək, şübhəli olan həmin on milyonlar, yüz milyonlar nədən Azərbaycana, doğulub böyüdüyü Şəkiyə yox, Britaniyaya yatırılırdı ki, sonra da şəkililər deməsin, “təpəsinə vurub əlindən alırdılar”? Bir deputat mandatlı iş adamının öz dövlətinə, parlamentinə edə biləcəyi xidmət bu olmalıdırmı?
Tək Feyziyev deyil, Azərbaycandakı deputat-biznesmenlərin hamısının bir ayağı Qərbdədir. Hansı ki, doğrudan da özlərini bu ölkənin parlamentində oturmağı haqq etmiş məsuliyyət və səlahiyyət sahibi hesab edirlərsə, milyonlarını ora-bura daşıyıb, sonra da itirmək təhlükəsilə üz-üzə qalmaqdansa, öz ölkələrini normal, yaşamalı hala gətirməyə çalışmalı idilər…
Məlum məsələdir ki, Azərbaycanda bütün dünyada başa düşülən klassik formada biznesmenlərin siyasətə gəlişi, iş adamının uğurlu siyasətçiyə, liderə çevrilməsi mükün deyil və yaxın gələcəkdə də mümkün olmayacaq. Belə olan halda bu prosesin imitasiyasını yaratmağın nə mənası var?
Yəqin ki, normal seçki, siyasi mühit olmadan, ümumilikdə parlament institutunun çəkisini, hörmətini qaldırmadan, onu konstitusiyaya görə malik olduğu yerə çatdırmadan parlamentin tərkib sarıdan keyfiyyətini yüksəltmək çətin olacaq. Bütün bu qüsurlar qaldıqca isə yeni gələnlər köhnələrdən çox fərqlənməyəcək, parlament siyasət, siyasi rəqabət arenasına çevrilməyəcək. Ona görə də bu gün bir çox biznesmen deputatlar və digər millət vəkillərinin timsalında indiki konfiqurasiyası ilə Azərbaycan parlamentində olmaq, hələ heç də siyasətdə olmaq demək deyil…(“AzPolitika.info”)