Cəmiyyət

Məcnun müəllim, fermerlər DAD DEYİR… – NAZİRİN NƏZƏRİNƏ…

Azərbaycanın bölgələrində bir neçə gündür davam edən yağmurlu hava şəraiti təsərrüfatlara ciddi ziyan vurub. Leysan yağışlar, sel səbəbindən hektarlarla pambıq, taxıl, yonca, tərəvəz sahələrini su basıb, bir neçə rayonda dolu meyvə ağaclarını məhv edib.

Fermerlər deyirlər ki, xüsusilə yonca və taxıl sahələrində məhsuldarlıq yüksək olmayacaq. Bir il çəkdikləri əziyyət boşa gedəcək. Həmçinin çiyələk, gilas, ərik və digər mövsümi meyvələrin də bol olacağı gözlənilmir.

Qazaxlı fermer Məmməd Əliyev bildirib ki, 3 hektar taxıl, yonca sahəsi su altında qalıb. Su çəkildikdən sonra da bir müddət sahəyə girmək mümkün olmayıb.

“Xərclərimiz artmışdı, amma çox ümidli idik ki, bu il məhsuldarlıq yüksək olacaq, qazanacağıq. Bir aydan sonra biçin olacaq. Bu il də hava imkan vermədi. Borclarımı ödəyə bilməyəcəm”,- Məhəmməd Əliyev deyib.

Yağışlardan sonra çayın daşması nəticəsində Qazaxın Aşağı Salahlı və Orta Salahlı kəndlərinin əkin torpaqları su altında qalıb. Aşağı Salahlı kəndində kəndlilərə məxsus 230 hektara yaxın sahəni su basıb. Sel çay kənarında yerləşən təsərrüfatları, xüsusən də taxıl, yonca, qarğıdalı sahələrini yuyub.

Zaqatalada aramsız leysan yağışlarından əlavə dolu da sahələri məhv edib. Fermerlər deyirlər ki, taxıldan gözləntiləri azdır.

Ağdamda isə pambıq, taxıldan əlavə soğan sahələrini də su basıb. Fermerlər dəymiş zərərin məbləğini bilmirlər.

“Su lazım olanda çətinlik çəkirik. İndi də lazım olmayanda sahələri su basır. Elə bil hava da kasıbın qənimidir”,– ağdamlı fermer Kamil Babayev deyib.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, qlobal iqlim dəyişməsi baş verir, may ayı üçün xarakterik olmayan anomal hava şəraiti müşahidə edilir.

“Havanın temperaturu aşağı düşüb, intensiv yağışlar yağır. Əvvəllər dolu noxud boyda olurdusa, indi toyuq yumurtası boyda dolu yağır, təsərrüfatlara ciddi ziyan vurur. Bu hal bütün dünyada baş verir”,– ekspert deyib.

Onun sözlərinə görə, temperaturun aşağı düşməsi bitkinin normal inkişafının qarşısını alır:

“Ölkə ərazisində əkin sahələrinin 60 faizində taxıl əkinidir. İntensiv yağışlar fermerlərin sahədə işləməsinə imkan vermir. Yağışlar 10 gün davam edərsə, məhsuldarlıq ciddi şəkildə aşağı düşəcək”.

V.Məhərrəmli deyib ki, stress amillərə dözümlü yerli sortlar əkilmir. Maarifləndirmə az aparıldığından fermerlərin çoxu bəzi gübrələrdən, elementlərdən az istifadə edirlər:

“Çiyələk əkini ilə məşğul olan fermerlərin çoxu məhsuldarlığın aşağı olmasından şikayətlənirlər. Elementlər az olduğundan bitkilər zəif inkişaf edir. Bunu fermerə öyrətmək lazımdır. Yağışlardan sonra temperatur kəskin artarsa, göbələk xəstəliyini müşahidə edəcəyik. Fermerlər buna hazır olmalıdırlar, dərhal mübarizə tədbirləri həyata keçirməlidirlər. Ot istehsalında da problemlər var, ot yığıldı, yağış imkan vermədiyi üçün çürüdü”.

Ekspert deyir ki, bəzi sahələrdə vaxtında əkin aparılmadı, yağışlardan sonra təkrar əkinə ehtiyac yaranacaq.

Hökumət zərərçəkmiş fermerlərə hansı dəstəyi verəcəyini açıqlamayıb.

Meydan TV

Paylaş: