“Kontakt Home”dən şikayətlər səngimək bilmir. Son zamanlar mağazalar şəbəkəsinin satdığı məhsulların əksəriyyəti ya xarab çıxır, ya da istifadəyə yararsızdır. Tribunainfo.az xəbər verir ki, daha bir şikayət Bakı sakini Rüfət Dadaşovdan gəlib.
Belə ki, o, “Kontakt Home” mağazalar şəbəkəsindən soyuducu alıb. Lakin avadanlıq quraşdırıldıqdan sonra məlum olub ki, soyuducu xarabdır, işləmir. Şikayətçi yazır: “Məsələ ilə bağlı şirkətə müraciət edim. Usta göndərdilər.
Göndərilən şəxs rəy yazdı və servisə verildi. Oradan isə bildirdilər ki, onlar yalnız soyuducunu təmir edə bilərlər. Mən isə bununla razılaşmadım”.
Dadaşov qeyd edir ki, yeni aldığım soyuducunun təmir olunmasına etirazımdan sonra bildiriblər ki, birbaşa “Kontakt Home”yə müraciət etsin. “Onların sözünə uyğun olaraq “Kontakt Home”yə müraciət etdim. Düz, 12 gündür məni “fırladır”lar. Hər dəfəsində “gözlə”deyib, yola verirlər. Baş ofislərinə qədər getsəm də, heç nə dəyişməyib. Şirkəti məhkəməyə verməyi düşünürəm”.
Qeyd edək ki, bu, “Kontakt Home”dən ilk şikayət deyil. İndiyə qədər yüzlərlə belə şikayətlərin olduğu bildirilir. Lakin sözügedən mağazalar şəbəkəsi bunlara məhəl qoymadan, digər müştəriləri də çətin durumda saxlamaqdan “məmnun”dur.
“İstehlakçılar haqqın”da qanuna əsasən hər hansı bir şirkət və ya mağazalar şəbəkəsi satdığı mal və məhsulun işləməsinə cavabdehdir. Hər hənası problem yaranarsa, onun aradan qaldırılmasına məsuldur. Hətta bu zaman müştəriyə dəymiş maddi və mənəvi ziyana görə, kompensasiya ödəməyə borclu hesab olunur. Görünən isə odur ki, “Kontakt Home” qanunu saymır, elə ənənəsinə uyğun olaraq, müştərilərini aldatmaqda, başından etməkdə davam edir.