Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev barədə söz-söhbətlər bitmir.
Bununla bağlı Yenicag.az-a daxil olan fakta görə, hazırda G.Əliyev haqqında açıq cinayət işi olsa da, o, hələ də vəzifəsinin icrasını davam etdirir, hətta istədiyi vaxt istədiyi xarici ölkəyə gedib gəlir. Belə ki, mayın 19-da Çinə uçub, mayın 28-də isə ölkəyə qayıdıb.
Məlumdur ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin işçiləri barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Lakin təqsirləndirilən şəxslər barədə hələ ki məhkəmə tərəfindən hər hansı yekun qərar verilməyib.
Belə ki, həmin cinayət işi üzrə təqsirləndirilən və cinayət təqibinə cəlb edilən şəxslər Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, onun bacısı, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sabiq baş mühasibi Gülnarə Bayramova və onların yaxın tanışları Elxan Əsədovdur.
Gündüz Əliyevin bacısı Gülnarə Bayramovanın da müalicə adı ilə hazırda Türkiyədə olduğu bildirilir.
Adıçəkilən şəxslər barəsində Cinayət Məcəlləsinin (CM) 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməklik) və digər maddələrlə ittiham irəli sürülüb.
İş materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitinin həmin şirkətlərə köçürülməsinə nail olub. Bundan sonra köçürülmüş vəsaitin bir hissəsi – 1 milyon 613 min 334 manat Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırılaraq mənimsənilib. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.
Belə olduqda sual yaranır; barəsində cinayət işi açılan, həm iş üzrə ibtidai istintaqı yekunlaşan, lakin məhkəmə istintaqı gözlənilən şəxs necə olur ki, hələ də vəzifəsinin başında durur, bu azmış kimi, xarici ölkələrə də gedib-gəlir?
Görünən odur ki, məhkəmə istintaqı qəsdən yubadılır və hansısa vasitələrlə zaman qazanılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının CM-nin 73-1.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Lakin adları çəkilən şəxslər hətta ziyanı ödəməklə CM-nin 179.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsələr də, həmin şəxslərə elan edilmiş digər maddələr üzrə cinayət məsuliyyətindən azad edilmək üsulları CM-də nəzərdə tutulmayıb.
Digər tərəfdən isə CM-nin 73-1.3-cü maddəsində nəzərdə tutulmuş hal, yəni ziyanı ödəməklə cinayət məsuliyyətindən azad edilmə halı bəraət verməyən əsas sayılır və adları çəkilən şəxslərin dövlət əmlakını xüsusilə küllü miqdarda mənimsəməsi və ya israf etməsi reallığını dəyişmir.
Odur ki, bu cinayət işində qaranlıq qalan məsələ dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəməkdə və ya israf etməkdə ittiham olunan Gündüz Əliyevin hazırda da Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində qalmasıdır.
Yenicag.az