Müdafiə naziri general-polkovnik Zakir Həsənov Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ torpağının itmiş sənədini bərpa etmək üçün Bakı İnzibati Məhkəməsinə müraciət edib.
“Unikal”ın əldə etdiyi məlumata görə, iddiaçı qismində tanınan Zakir Həsənov “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini torpaq mübahisələri üzrə mübahisələrə aydınlıq gətirmək üçün məhkəməyə verib. Mülki iş hakim Səlma Salahovanın icraatına verilib.
Araşdırmalarımız nəticəsində məlum olub ki, Zakir Həsənov ona məxsus olan bağ torpağının arxiv sənədi itdiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən yeni sənəd almaq istəyib. Ancaq 1 saylı Bakı Ərazi İdarəsi sənəd verməkdən imtina edib, bundan sonra Zakir Həsənov məhkəməyə müraciət etmək qərarına gəlib.