Cəmiyyət

Kasıb başçının varidatı – Əmlakının siyahısını qoşa qəzet səhifəsi tutmayanlar vardı

Qusar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şair Alxasov, əslində, o qədər də varlı məmur sayılmaz. Mediada onun sərvətinin daşınmaz hissəsinə aid əmlaklar sadalanıb, böyük bir varidat deyil.

Adamın bir evi, 4 oteli, bir restoranı, bir yaşayış kompleksi (5 mərtəbəli binalar), 27 hektar da meşə torpağı varmış, vəssalam. Biz nə boyda siyahılar görmüşük – a3 formatlı qəzetin qoşa səhifəsini dolduran obyektlər siyahısından hər birinin qiyməti 1-10 milyon arasında olan 47 daşınmaz əmlaka qədər.

Əlbəttə, bu, ona görə belədir ki, Qusar kiçik və kasıb rayondur, Quba deyil, Xaçmaz deyil. Bu rayonda nə qədər pul dövr edir ki, İH başçısı da ona nəzərən böyük varidat sahibi olsun?

Bakı rayonları, mahal mərkəzləri (Gəncə, Şəki, Lənkəran, Qazax, Bərdə) başqadır, orada həm təsərrüfat obyektləri, müəssisələr çoxdur, həm də pul qazanan insanlar. İnsanlar çox olan yerdə hər cür alver yaxşı gedir, rayon mərkəzləri qonaqlı-qaralı olur, nəticədə İH başçılarının otelləri boş qalmır, restoranları, şadlıq evləri rentabelli işləyir.

O vaxt Şəmkirin İH başçısı Alimpaşa Məmmədov rayon ərazisində balıq broyleri də açmışdı, Bakıdakı restoranlara qızılbalıq (forel) göndərirdi.

Yeri gəlmişkən, Qusarın İH başçısından fərqli olaraq onun lüks avtomobillərdən ibarət şəxsi maşın qarajı da aşkarlanmışdı. Sabiq başçı məhkəməsində demişdi ki, bu maşınları ona dostları bağışlayıb.

Ola bilər, Şair Alxasovun da 5-6 lüks avtomobili var, amma varidat siyahısını yayanlar nəyə görəsə ondan yan keçiblər.

Amma burası dəqiqdir ki, İmişlinin sabiq İH başçısı Vilyam Hacıyevdən fərqli olaraq Şair Alxasovun maşınlarının baqajından və bağ evindən kisə-kisə avro, dollar banderolları çıxmayıb. Çıxmış olsa, onun da şəkli yayılardı. Ya da hələ axtarılmayıb, axtarılsa, əl-əlbət bir şeylər çıxacaq.

İndi kimsə yenə köhnə vaxtlardakı kimi demaqoqluğa başlaya bilər ki, siz də vəzifəli şəxs yıxılandan sonra baltalayırsınız, hünəriniz vardı bunları o vəzifədə olanda yazardınız.

Bu, qulağa xoş görünə bilən, amma çox yaramaz arqumentdir. Bunu deyənlər guya bilmirlər ki, İH başçısından yuxarı vəzifələrdə olan şəxslərin varidatı, maliyyə maxinasiyaları, talançılıqları barədə yazanda nə olur. Qılıncının dalı da, qabağı da kəsən bu adamlar yazanları məhkəməyə verirlər, şər-böhtana məruz qaldıqlarını bildirirlər, mütləq qalib gəlirlər. Ona görə də salamatı budur: bir az səbr edirsən, zəli xislətli məmur dövlətin, millətin qanını sorur, sorur, şişir və bir gün “partlayır”. Onda onun yaxasından yapışanlar çox olur, heç jurnalistlərin baltalamasına da ehtiyac qalmır.

Sadəcə, qanunsuz yollarla toplanmış sərvətlər haqqında ona görə yazılmalıdır, belə faktlar ona görə ictimailəşdirilməlidir ki, bir küncdə qalsın, bu aqibət kimlərəsə dərs olsun.

Doğrusu budur ki, işdən çıxarılan, həbs edilən yüksək vəzifəli məmurların aqibəti hələ indiyədək heç bir halda heç kimə dərs olmayıb. Sadəcə, 3-4 il öncə İH başçıları, nazir müavinləri, idarə rəisləri ard-arda tutulanda bəzi məmurlar möhkəm qorxmuşdular. Onlar heç də qorxub neqativ əməllərindən, talançılıqlarından əl götürməmişdilər, eləcə, öhdələrində olan biznes strukturlarının bir qismini tələm-tələsik satmış, bəzilərini bağlamış, yarısını da çox uzaq qohumlarının adına keçirmişdilər. Bir də bir çoxları aylıq xəracları iş kabinetində almamağa qərar vermişdi. Çünki kabinetlərdə gizli videokamera ola bilərdi.

Ancaq DTX-nin qara maskalı cantaraq əməkdaşlarının qəfil ziyarəti ilə bağlı təhlükə sovuşandan sonra hamısı dərindən nəfəs aldı, “xəta sovuşdu” düşüncəsi ilə qaldıqları yerdən öz işlərinə davam etməyə başladılar.

Ölkəmizdə və biz gündə olan ölkələrdə rüşvətxor, talançı məmurlarla bağlı durumu izah edən bir qədim rəvayət var. Padşahlar əyyamında bir vilayətin əzazil və tamahkar valisi varmış, camaat ondan çox narazıymış. Hamının əli göydəymiş ki, onu vəzifəsindən götürsünlər. Gün gəlir, xəbər çıxır ki, padşah vilayətə yeni vali təyin edib, yoldadır, gəlir. Vilayət camaatı çox sevinir, yerli əyanlar atlanır, yeni valini qarşılamağa gedirlər, qarşılayıb gətirir, iqamətgahına ötürürlər. Şəhərin müdriklərindən biri pişvaza çıxanlardan soruşur ki, yaxşı diqqət etdinizmi, yeni valinin ağzı vardımı. Adamlar gülür, deyirlər, ağsaqqal, əlbəttə, vardı, ağızsız adam olmaz ki. Müdrik ağsaqqalın cavabı belə olur: “Ağzı vardısa, demək, o da yeməyə gəlir, çox sevinməyin”.

Bizimki ona dönüb. Hər dəfə böyük vəzifəyə yeni kadr təyin olunanda sevinirik, təbrik təbrikə calanır, “ləyaqətli kadrdır, düzgün seçimdir” deyirik, amma heç vaxt nəzərə almırıq ki, yeni kadrın da ağzı var. Bu, bir də 5-6 ildən sonra məlum olur – adamın sərvətlərinin siyahısı saytları bəzəyəndə.

Xalid KAZIMLI
Musavat.Com

Paylaş: