Bir neçə gün əvvəl xəbər verərək nəzərinizə çatdırdıq ki, Abşeron rayonu Masazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış sahəsinin mərkəzində yaşıllıqlar məhv edilərək yerində müxtəlif təyinatlı obyektlər tikilir.
Bu barədə yerli sakinlər şikayətçidirlər. Dia-az.İnfo xəbər verir ki, sakinlər KİV vasitəsilə əlaqədar qurum və təşkilatlara müraciət edərək, mövcud özbaşınalığın dərhal dayandırılmasını da xahiş etmişdilər.
Sakinlərin müraciətində deyilir ki, may ayının əvvəlindən başlayaraq “Qurtuluş-93” yaşayış sahəsindəki “Ay Store” marketinin qarşısından “Yeni Bakı” yaşayış kompleksi istiqamətində salınmış yaşıllıq məhv edilir və yerində müxtəlif təyinatlı obyektlər tikilir: “Bu günlərdə səhər yuxudan oyandıq ki, yol kənarındakı yaşıllıq məhv edilib, ağaclar kəsilib. Belə gedişlə tezliklə ərazidə ağac, gül kolları qalmayacaq. Xahiş edirik, bizim səsimizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə çatdırasınız”.
Sakinlərin sözlərinə görə, onlar ağacların məhv edilməsinə etirazlarını bildirsələr də, tikiləcək obyektin ərazisini yaşıl torla örtənlərə nəzarət edən şəxsdən bunun səbəbini soruşsalar da, sualı cavabsız qoyaraq ona “gedin işinlə məşğul olun, özünüzə problem yaratmayın” deyib:
“Bizə həm də təsir edən odur ki, bir ağacın ətrafına kölgə salması, yaxud ağac halına gəlməsi üçün 5-10 il zaman lazım olur. Ancaq bunlar bir neçə dəqiqənin içərisində bu qədər ağacları məhv ediblər”.
Dia-az.İnfo bildirir ki, sakinlər yenə də problemin qaldığını və ETSN-nin olaya hər hansı reaksiya vermədiyini iddia edirlər.
Məsələ diqqətimizdədir…