Hakim İlqar Dadaşovun intihardan öncə Eldar Mahmudovun xeyrinə çıxardığı qərarla bağlı müəmma – İLGİNC FAKT
Bu ilin aprel ayında intihar edən Ali Məhkəmənin hakimi İlqar Dadaşovun son qərarlarından biri böyük müzakirələrə səbəb olub.
Söhbət “Diqlas” ticarət mərkəzində 2019-cu ildə baş verən yanğınla bağlı davam edən məhkəmə çəkişmələrindən birindən gedir.
Musavat.com-un əldə etdiyi məlumata görə İlqar Dadaşov əvvəlki iki instansiyanın qərarlarının ziddinə gedərək keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun xeyrinə qərar çıxarıb.
Belə ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün depressiv vəziyyətdə olduğu dövrdə İlqar Dadaşov işlərə baxaraq yeni qərarlar da çıxarıb. “Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı ödəniş barədə məhkəmə çəkişməsi də bunlardan biri olub.
Ticarət mərkəzini idarə edən “Diqlas – 2” MMC məhkəməyə müraciət edərək sığorta şirkətindən dəymiş zərərə görə 410 min manat tələb edib.
Bakı Kommersiya və Bakı Apellyasiya Məhkəməsi “Diqlas – 2” MMC-nin iddiasını rədd edib, Ali Məhkəmənin hakimi İlqar Dadaşov isə zərərin ödənilməsi barədə qərar çıxarıb və həmin qərarı dəyişdirilməsi çətin olan 3 ulduzla qiymətləndirib.
Qeyd edək ki, “Diqlas” Ticarət Mərkəzinin sahibi “Diqlas – 1” MMC olub, bu şirkətin rəsmi təsisçisi Eldar Mahmudovun oğlu Anar Mahmudov olub. “Diqlas -2” MMC isə “Diqlas – 1” MMC ilə müqavilə bağlayaraq ticarət mərkəzini idarə edib. Şirkətdə sonradan kimlərin pay sahibi olması haqda daha ətraflı məlumat verəcəyik.
Xatırladaq ki, Ali Məhkəmənin hakimi İlqar Dadaşov 62 yaşında yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1989-1993-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanasında vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunda idarə prokuroru olub.
2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb.
İ.Dadaşov 2010-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olub.
Eldar Mahmudov isə 2015-ci ilə MTN rəhbəri vəzifəsindən azad edilib.