Cəmiyyət

NAXÇIVANDA MÜƏLLİMLƏR DƏRS SAATLARININ KƏSİLMƏSİNƏ ETİRAZ EDİR – “Deyirlər ki, bizlik deyil, Bakıdan ediblər…”

Naxçıvan şəhər məktəblərində çalışan bir qrup müəllim tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Hazırda Naxçıvan MR Ali Məclisin qabağında qarşılaşdıqları problemə etiraz etdiklərini bildirən müəllimlər yazırlar:

“Bildiririk ki, sentyabr ayından bütün məktəblərdə dərs bölgüsü olub. Hamı dərslə təmin olunub. Dərs ilinin bitməsinə 1 ay qalmış isə, dərs saatlarımızı kəsiblər. Məsələn, 24 saat dərs deyənin saatını 12 saata, 12 saatı olanı isə 6 saata salıblar.

Texnologiya, Fiziki tərbiyə, İngilis dili, Rus dili dərslərini də kəsiblər. Axı, biz müəllimlərin dərs saatları niyə kəsilməlidir? Hara şikayət etsək, deyirlər ki, bizlik deyil, Bakıdan ediblər. Kəsirləri var deyə biz müəllimlərin əmək haqqı kəsilməlidir? Bu haqsızlıqdır, axı!

İyun ayında az əmək haqqı alan müəllim məzuniyyət vaxtı nə edəcək? Heç kəsin vecinə deyil. Hər kəsə bəllidir ki, Naxçıvanda işsizlik tuğyan edir. Üstəlik, müəllimlərin əmək haqqlarını da kəsirlər. Bizi işimizdən, peşəmizdən soyudurlar”.

Paylaş: