Xırdalan şəhər sakini Şeydayeva Gülarə Tahir qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “makler” kimi fəaliyyət göstərən bibisi oğlu, ev aldığı şəxs və Notariat Xidmətinin rəisi onu aldadıblar:
“Mən, Şeydayeva Gülarə Tahir qızı, yazaraq bildirirəm ki, əvvəllər anam, mən və övladım Biləcəridə yaşayırdıq. Anam evin pilləkənlərini düşüb-çıxmaqda əziyyət çəkirdi. Bu səbəbdən də evi satıb, Xırdalana köçdük.
Alqı-satqı işindən başım çıxmadığından, bibim oğlundan mənə kömək etməsini xahiş etdim. O, Binədə alqı-satqı ilə məşğul olurdu. Aldığımız evin köhnə sahibi bibim oğlu ilə yerli çıxdı. Elə bu səbəbdən bibim oğlu da, biz də ona inanıb, evi aldıq.
Lakin keçmiş ev sahibi alqı-satqı zamanı demədi ki, evdə çox sayda adam qeydiyyatdadır. Sadəcə hər dəfə dedi ki, bütün sənədləri var. Evin sadəcə “texpasport”u və “kupça”sı var.
Evin sənədləşmə işini görmək üçün Xırdalanda yerləşən Notariusa – Bahadur müəllimin yanına getdik. Vaxtın az olduğunu, bankın bağlanacağını deyib, sənədlərə tələm-tələsik qol çəkdirdilər. Sonra məlum oldu ki, bu oyunları pulu tez əldə etmək üçün ediblər.
Bibim oğluna dedim ki, sənədlərə bax, gör hər şey qaydasındadır?! Özüm Azərbaycan dilini bilmədiyim üçün ona həvalə etmişdim. O da dedi ki, narahat olma, dövlətin notariusu yalan olmayacaq ki. Bir sözlə, ev sahibi Yalçın və notariusun rəhbəri Bahadur mənə heç nə demədən, qanunsuz iş gördülər.
Faktiki olaraq ev “paylı mülkiyyət”dir. Anamı evə qeydiyyata salmaq istəyəndə mənə dedilər ki, get Fatmanı çağır, gəlib icazə versin, ananı qeydiyyata salaq. Bu zaman bildim ki, evdə qeydiyyatda başqa adamlar da var. Mənə orda bildirdilər ki, bu “paylı mülkiyyət”dir.
Çox narahat oldum, öncə Yalçının, daha sonra Bahadurun yanına getdim. Amma heç nə əldə edə bilmədim. Bibim oğlu mənə dedi ki, nə edim, gedim onu vurum?
Bütün orqanlara yazdım, şikayətimi bildirdim. Xırdalan istintaq şöbəsinin rəisi mənə deyir ki, xanım, qol çəkib razılıq vermisiniz. Polisə də dedim ki, Bahadur mənə bu evin problemli olduğunu deməyib. Təkliyimdən, qadın olmağımdan istifadə edib, başıma bu oyunu açıblar.
Biri qohumum, o biri də yerli dediyimiz adamlar başıma oyun açıb. Hər kəs bilsin ki, ev alqı-satqısında çox ayıq olmaq lazımdır, yoxsa mənim kimi uduzarsınız.
Azərbaycanlı olduğum üçün fəxr edirəm, amma belə hadisələri görəndə çox pis oluram. İnanıram ki, bu qanunsuzluğu edənlər gec-tez öz cəzalarını alacaqlar”.