Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və Turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb. Ölkə başçısının məlum Sərəncamından cəmi üç gün sonra Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri təyin edilib.
Hazırda Dövlət Turizm Agentliyi daha çox ölkəyə xarici turistlərin cəlb olunması üzərində layihələr həyata keçirməklə yanaşı, tabeliyində olan tarixi-memarlıq qoruqlarında təmir-bərpa işləri də aparır. Bu məqsədlə Agentlik hər il milyonlarla manat dövlət vəsaiti ayırır. Dövlət satınalmalarının vahid internet portalında qurumun bu məqsədlə keçirdiyi son tender diqqətimizi çəkdi.
Turizm Agentliyi Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin bədii-tərtibat işlərinin satın alınması üzrə 07.06.2024 yekunlaşdırdığı tender müsabiqəsində “VİTAM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 543.187,04 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Vitam” MMC mebel və reklam sahəsində 19 illik təcrübəsi olan bir şirkətdir. 2004-cü ildən bəri tikinti, pərakəndə, geyim, elektronika, avtomobil və bir sıra sahələrdə brendlərə davamlı dəstək verən VITAM qeyri-adi və yaradıcı işləri ilə seçilir. Xidmətlərinə reklam konstruksiyaları, vitrinlər, ticari mebellər, sərgi və hazır stendlər, genişformatlı çaplar, memari yönləndirmələr, dizayn və layihələndirmə kimi çoxsaylı həllər daxildir.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VİTAM” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.07.2004-cü ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 40 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, FİRUDİN ƏLİYEV, ev 2, qanuni təmsilçisinin isə Əliyev Tehran Rizvan oğlunun olduğu göstərilir. Reyestr məlumatlarına edilmiş dəyişikliklərdə MMC-nin ilk qanuni təmsilçisi və yaxud təsisçisi 03.09.2018-ci ilə qədər Məhərrəmov Vüqar Asəf oğlu olduğu qeyd edilib.
Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, bu Dövlət Turizm Agentliyi ilə “Vitam” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasınada 2023-cü ilin müvafiq dövrünə 6 satınalma müqaviləsi bağlanılıb.
2024-cü ilin 9-12 may tarixlərində Koreya Respublikasının Seul şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması xidmətlərinin satın alınması üzrə “VİTAM” MMC ilə 181.671,2 manat məbləğində satınalma müqaviləsi bağladığı 08.05.2024-cü ildə açıqlanıb.
2024-cü ilin 19-21 mart tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işlərinin satın alınması üzrə “VİTAM” MMC ilə 79.366 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 28.03.2024-cü ildə açıqlanıb.
2023-cü ilin 6-8 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə “VİTAM” MMC ilə 350.061,16 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 31.10.2023-cü ildə açıqlanıb.
2023-cü ilin 26-29 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə “VİTAM” MMC ilə 171.521,26 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 27.10.2023-cü ildə açıqlanıb.
Beynəlxalq işgüzar tədbirlərin cəlb edilməsi üçün təşviqat kitabçalarının hazırlanması xidmətlərinin satın alınması üzrə “VİTAM” MMC ilə 104.005,2 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 05.06.2023-cü ildə açıqlanıb.
Göründüyü kimi Dövlət Turizm Agentliyi son bir il ərzində müxtəlif ölkələrdə keçiriləcək turizm sərgisinin təşkilinə “VİTAM” MMC ilə ümumi olaraq 1 429 811 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Burada maraqlı olan nədir? Bizim “VİTAM” MMC -nin gördüyü işlərə kölgə salmaq kimi bir fikrimiz yoxdur. MMC-nin reklam sahəsində gördüyü işlər təqdirəlayiqdir. Dövlət Turizm Agentliyinin bağladığı satınalma müqavilələrinin əksəriyyəti məhz sərgi stendinin quraşdırılması işləri ilə bağlıdır. Amma son tender Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin bədii-tərtibat işləri ilə bağlıdır. Maraqlı olanlarlar da buradan başlayır.
Açıq mənbələr üzərindən apardığımız araşdırmada məlum oldu ki,”Vitam” MMC-nin qanuni təmsilçisi Əliyev Tehran Rizvan oğlu 1985-ci ildə Şəki şəhərində anadan olub. Xaricdə təhsilini başa vurduqdan sonra, 2014-cü ildən “Vitam” MMC-də çalışıb. Hazırda “Vitam2 MMC-nin həmtəsisçisi və dirketorudur. Bununla yanaşı Tehran Əliyev 2023-cü ilin yanvarında “Caspian Energy Uzbekistan”ın sədri vəzifəsinə təyin olunub. Həmçinin 2022-ci ildən Caspian Energy Clubun tərkibində formalaşdırılmış “Yüngül sənaye və reklam” komitəsinin sədri və Şəki – Zaqatala iqtisadi regionu üzrə nümayəndə vəzifələrinə seçilmişdir.
Qeyd edək ki, “Caspian Energy Club” 2002-ci ilin iyununda Caspian Energy-nin fəal iştirakı və Xəzər-Qara dəniz və Baltik regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb, dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən, dinamik və inkişaf edən regional təşkilatdır. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Göründüyü kimi Dövlət Turizm Agentliyinin işbirliyində olduğu “Vitam” MMC sıradan bir şirkət deyil. MMC-nin tərəfdaşlıq etdiyi şirkətlər də çoxdu. Amma Dövlət Turizm Agentliyi ilə bağlanan müqavilələr ortada tanışlıq tellərinin olmasını istisna etmir.
Aktualinfo.org