Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.
C.Hüseynovun qətlə yetirilməsinin dəqiqləşməsi ilə bağlı açılan cinayət işinin maddəsi onun erməni silahlı birləşmələri tərəfindən öldürülməsi ilə bağlı şübhələr yaradır. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.12-ci, yəni, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə maddəsinin tətbiq edilməsi bunu deməyə əsas verir. Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan istintaq tədbirlərinin yekununda məlum olacaq. Hazırda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Elə Ceyhunun itkin düşməsi ilə bağlı ilkin xəbər yayılandan bir neçə saat sonra erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyi ilə bağlı məlumat yaymışdı. Daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun hərbi qulluqçusunun sərhədi keçmə ehtimalı ilə bağlı məlumata sahib olmadığını bildirmişdi.
Ermənistan silahlı birləşmələrinin bu ilin fevral ayında Zəngilanda atəş açaraq sərhədçimizi yaraladığı, hərbçilərimizin minaya düşərək şəhid olduğu, erməni diversantın gizli şəkildə Kəlbəcərə keçərək diversiya cəhdi göstərdiyi və digər hadisələrdə, eləcə də separatçıların lideri olmuş Arayik Arutyunyana da qeyd edilən maddə üzrə cinayət işləri açılıb.
Qeyd edək ki, Ceyhun Hüseynovun meyiti itkin düşdükdən 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib. Habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.
Onu da əlavə edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.
Xatırladaq ki, Ceyhunun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub