Uzun illərdir, yazılsa da, Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin təmiri “Qordi düyünü”nə düşüb.
1967-ci ildə tikilən bu bina demək olar ki, baxımsız qalıb. Halbuki indi orada Mədəniyyət Mərkəzi ilə yanaşı, seçki məntəqəsi də yerləşir, amma binanın təmiri 2019-cu ildən həllini tapmır.
Həmin ərəfədə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinə, həmçinin Mədəniyyət Nazirliyinə dəfələrlə sorğular göndərilib, hər dəfə binanın təmir ediləcəyi deyilib, amma nəticə olmayıb.
O vaxtdan Azərbaycanda 3 mədəniyyət naziri dəyişsə də, binanın təmirlə bağlı durumu dəyişmir.
Ərazisində yerləşən park isə o qədər baxımsızdır ki, Suriya xarabalıqlarını xatırladır.
Suraxanı Rayon İcra Hakimiyyətini isə belə bir mənzərə ümumiyyətlə narahat etmir, sanki yaşananlar onun inzibati ərazisində deyil.
Bu arada ARB kanalı yenidən Mədəniyyət Mərkəzi ilə bağlı mənzərəni efirdə canlandırıb.
Görünür, yeni mədəniyyət naziri bir vaxtlar jurnalist olsa belə, mətbuat oxumur, ya da ölkədə baş verənlər onu qəti maraqlandırmır. Çünki ölkə ciddi beynəlxalq bir tədbirə – COP29-a hazırlaşır.
Dünyanın 100-dən artıq ölkəsindən rəsmi şəxs və turistlərin Bakıya üz tutacağı da onları maraqlandırmır.
Hər halda dövlətimiz bura pul ayırıb…
Ümumiyyətlə, bu binanın tikintisinin hansı şirkətə verildiyi də aydın deyil.
Mediada gedən məlumatlara görə isə Mədəniyyət Nazirliyi məsuliyyəti üzərindən atır. Yəni belə izah edirlər ki, təmir yeni nazirin vaxtında başlanılmayıb.
Bunun da izahı budur ki, pulları bundan əvvəlki nazirlər “çırpşırıblar”, köhnələrin vaxtında olub.
Ərazidə yaşayan və buradakı parkda istirahət edən yerli sakinlər isə “Arqument.az”a deyirlər ki, yeni nazir Adil Kərimli özünü bu işdə qətiyyən məsuliyyətli saymır: “Eşitdiyimizə görə yeni mədəniyyət naziri deyir ki, bu işə mən cavabdeh deyiləm. Məndən əvvəlki nazirlərin vaxtında olub. Başa da düşmürlər ki, bu kiminsə şəxsi villası deyil, dövlət qurumudur, mədəniyyət ocağıdır, dövlətin balansındadır”.
Sakinlər deyirlər ki, əgər turistlər Hövsana gəlib buranın Mədəniyyət Mərkəzi olduğunu bilsələr, Bakının COP29-a necə hazırlaşdığını görəcəklər: “Başa düşmürük, COP 29-un Hövsana aidiyyatı yoxdur? Niyə belə laqeyd münasibət bəsləyirlər?”
Mədəniyyət Nazirliyi və Nazirlər Kabineti isə baş verənlərə reaksiya vermir, əksinə susurlar. Bu acınacaqlı mənzərənin sonrakı aqibəti isə aydın deyil.