Cəmiyyət

“Mühafizəni çağırdı, zor gücü ilə müəssisədən çıxardıldım” – NARAZILIQ VAR…

Bakı şəhəri Binə qəsəbəsi sakini Şəfiyev Əli İsmayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, iş yeri olan “Master-Ofis” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) bu ilin aprel ayında ona xəbər etmədən işdən çıxardıb.

“Mən, Şəfiyev Əli İsmayıl oğlu, yazaraq bildirirəm ki, bu ilin 28 yanvar tarixində “Master-Ofis” MMC-də bir neçə sənədi imzaladım, səhv etmirəmsə, müqavilə idi, fəhlə kimi işə götürüldüm. Burada daim əmək hüquqlarım pozulub. İş vaxtı 8 saat təyin olunmasına baxmayaraq 10 saat çalışırdım, bazar günü də məni çağırıb məcbur işə cəlb ediblər. Müddətdən artıq işlədiyimə görə heç bir ödəniş olunmayıb.

23 aprel tarixində mənə deyilmədən, heç bir səbəb göstərilmədən işdən azad olundum. Ancaq təzminatım verilməyib. Alim adlı müdirlə danışmağa çalışdım. O, mənə dedi ki, sənə bu hüququ kim verib ki, mənim ofisimə gəlmisən, çıx çölə! Məni hədələdikdən sonra mühafizəni çağırdı, zor gücü ilə müəssisədən çıxardıldım.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim. Mənə cavab gəldi ki, bəs tələb olunan aidiyyəti sənədlər işlədiyim şirkət tərəfindən quruma təqdim edilmədiyindən araşdırılmanın başa çatdırılması mümkün olmayıb.

Çox çıxılmaz vəziyyətdəyəm. Məhkəməyə müraciət etməyi düşünürəm, amma maddi cəhətdən çətinlik çəkirəm, necə olacağını bilmirəm”.

Qeyd edək ki, şikayətçi Şəfiyev Əli İsmayıl oğlu qeyd edir ki, onu işə təhlükəsizlik mühəndisi olaraq “Master-Ofis” MMC-də fəaliyyət göstərən Pəhlivan adlı şəxs götürüb. Onunla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib.

Paylaş: