Azərbaycanda süni və latent şəkildə qiymət artımı gedir. Gündəlik tələbat məhsulları sürətlə bahalaşır və hər dəfə vitrinlərdə artıma doğru fərqli rəqəmlər qarşımıza çıxır. Bunun qarşısının alınması istiqamətində Antiinhisar Xidmətinin heç bir fəaliyyəti yoxdur. İqtisadiyyat Nazirliyi qiymətlərin tənzimlənməsi, inhisarçılığın azaldılması, süni qiymət artımını dayandırmaq, inflyasiyanı azaltmaq barədə heç bir proqram irəli sürməyib. Yəni faktiki ölkə bazarları özbaşına buraxılıb və altdan-altdan aparılan bahalaşma siyasəti fantastik mənzərə yaradıb.
Anaxeber.info araşdırıb ki, bahalaşmada qida şirkətlərinin, idxalatla məşğul olan nəhəng holdinqlərin rolu az deyil. Əhalinin dərisini soyan həmin firmalar həm monopoliya yaradıblar, həm də süni qiymət artımına səbəb olurlar. Onlardan biri “Veysəloğlu” şəbəkəsidir. Respublikada ən böyük idxal şirkətlərindən sayılır. Araşdırmalar göstərir ki, əksər topdansatış məntəqələrindəki qiymətlərlə marketlərdəki satış qiymətləri arasındakı fərq bəzi məhsullar üzrə 50-60 faiz, hətta 100 faiz təşkil edir. O da məlum olur ki, təkcə “Güvən” topdansatış məntəqəsində 1 kilosu 9-9.5 manata satılan “Snikers”, “Kit Kat” şokoladları “Veysəloğlu” şirkətinə bağlı “Araz” supermarketlər şəbəkəsində 16-17 manata satışa çıxarılıb. Bu orta hesabla 80-90 faiz izafə qiymət deməkdir.
Nestle” şokolad yağı 10 manat olduğu halda, “Araz” market onu alıcılara 16 manata təklif edir. Həmçinin “Şaan” düyülərinin bir kq-ı üçün topdansatış qiyməti 2.60-2.90 manat təşkil etdiyi halda, “Veysəloğlu” onu 4.20-4.50 manatdan satır.
Bundan başqa, topdansatışlarda “Nivea”, “Reksona” kimi qadın və kişi kosmetik və ətirləndirici vasitələr, qab yuyan maşınlar üçün nəzərdə tutulmuş tabletlərdə də qiymət fərqləri inaılmaz dərəcədə çoxdur.
Məsələn, topdansatış məntəqələrində “Nivea” 3.58 manat, “Reksona” 3.75 manat olduğu halda, “Araz” market onları 6.58 manatdan satışa çıxarıb. Qab tabletkalarının 100 ədədlisi topdansatışda 33 manat olduğu halda, sözügedən market 48 manatdan aşağı təklif etmir.
Burada inhisarçılıq, habelə qiymət siyasətində rəsmi qurumlarla hesablaşmamaq cəhdləri də əhəmiyyətli rol oynayır. Belə ki, “Veysəloğlu” ölkədə iri market şəbəkəsinə malik az sayda şirkətlərdən biridir. Bu qədər qazanc əldə etməsinə baxmayaraq, onun bir qanadı olan “Veysəloğlu-Yaycılı qardaşlar” MMC-nin dövlətə külli miqdarda vergi borcu mövcuddur. Şirkətin vergi borcu təxminən 1.5 milyon manata yaxındır (1443862.91 AZN).
Başqa bir məsələ isə odur ki, şirkət “Araz”da satılmayan məhsulları özünün “Oba” marketlərində satdırır. Bu marketlər şəbəkəsi aşağı keyfiyyətli mallar təklif edir. “Veysəloğlu” prezidenti Aydın Talıbov da müsahibələrin birində dolayısı ilə etiraf edib ki, “Oba” ucuz, əslində isə keyfiyyəti aşağı olan mallar təqdim edir. Yəni orada olan məhsullar “Araz”da satılmır. Üstəlik, hər iki marketdən tez-tez şikayətlər olur. Əsasən də vitrində olan məbləğlə kassada qiymətin uyğun gəlməməsidir. Bu zaman müştərilərin aldadılması sübuta yetirilir. Media səhifələrində yüzlərlə belə fakt mövcuddur. Bir sözlə, şirkət inhisarçılıq yaradır, bahalaşmaya səbəb olur, üstəlik də azı 50 faiz, o cümlədən də marketlərdə keyfiyyətsiz məhsullar, qiymət fırıldağı hallarına, rast gəlinir. Bununla belə şirkət rəhbəri Aydın Talıbovun deputatlığa hazırlaşdığı haqda xəbərlər tirajlanır. Millət vəkili olmağa iddialı şəxs isə millətin cibinə zərər vuran qiymət artımına, monopoliyaya cəhd etməz. Üstəlik, deputat olacaq şəxs insanların hüquqlarını müdafiə etməlidir. Talıbovun marketləfindı isə işçilərin bir qismi ilə əmək müqaviləsi bağlanmır, bağlananda isə qara mühasibatlığa üstünlük verilir. Əmək haqları kağız üzərində bir cür, realda isə başqa cür olur. Deməli, “Veysəloğlu”da vergidən yayınma adi hal sayılır. Buna da Vergilər Xidməti diqqət yetirə bilər. Hər halda, KİV-də belə xəbərlər var. Bildirlir ki, “Veysəloğlu” şirkətinin bütün marketlərində – “Araz”da, “Oba”da, “Favorit”də, “Spar”da eyni hallar yaşanır.(Anaxeber.info)