Qohum evliliklərinin qadağan olunması barədə xəbər bəzi insanlar tərəfindən xoş qarşılanmasa da, əksər insanlar belə bir qərarın verilməsini müsbət hal kimi dəyərləndirir.
Yenicag.az-a açıqlama verən aktrisa Vəfa Zülfüqar qanunda olunan bu dəyişikliyin genefondumuza müsbət təsir göstərəcəyini bildirib:
“Bu, həyatda eşitdiyim ən gözəl xəbərdir. Bibiqızı, xalaoğlu, dayıqızı, əmioğlu-bunların bir-biri ilə evlənməsi doğru deyil. Mənə görə bu insanlar bacı-qardaş sayılır. Belə olduğu halda, bunlar necə bir-biri ilə ailə qura bilər axı? Allaha çox şükür, dövlətimiz, hökumətimiz əsrlərdir davam edən bu adət-ənənəni qadağan etdi. Çox gözəl və yerində verilən qərardır. Bu qərar çox şeylərin qarşısını alacaq. Hamımız bilirik ki, qohum izdivacları nəticəsində xəstə uşaqlar dünyaya gəlir. Bununla da genefondumuza böyük zərbə dəyir. İllərlə valideynlər buna görə əziyyət çəkir, xəstəxanalarda qalır, övladları göz dağına çevrilir. Bu qanunun qüvvəyə minməsi nəticəsində ən azından xəstə doğulan uşaqların sayı azalacaq. Ən azından, insanlar məcburiyyətdən, ata-ananın təkidi ilə ailə həyatı qurmayacaqlar. Bunları da düşünmək lazımdır”.