Cəmiyyət Dünya

Ədəbiyyat Muzeyınin Kürdəmirdə 30 min manata icarəyə götürdüyü yer kimə məxsusdur? – Sevda Əmrahovaya, yoxsa…

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyı ötən həftə bir kotirovka sorğusunun nəticələrini elan edib. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Milli Azərbaycan Ədəbiyyatı Muzeyı fiziki şəxs Əmrahova Sevda Şirvan qızı ilə 30.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb və bu barədə 27.06.2024-cü il tarixdə açıqlama dərc edib.
Aktualinfo.org Ədəbiyyat Muzeyı tərəfindən keşirilmiş sözügedən kotirovka sorğusu proseduru ətrafında araşdırma aparmışdır. Araşdırma zamanı bağlanmış müqavilədə qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallar ortaya çıxdı. Qeyd edək ki, satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir. Müqavilə Kürdəmir şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi 13, ünvanında yerləşən X.Şirvani adına Aran-Regional filialının icarəsi üzrə bağlanmışdır.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reyestrinə daxil edilmiş məlumatlarda fiziki şəxs Əmrahova Sevda Şirvan qızının Kürdəmir rayonu, Kürdəmir şəhəri Ə.Həmidov ev 10-da daimi pasport qeydiyyatındadır. O, 18.11.2021-ci ildən fiziki şəxs kimi dövlət qeydiyyatına alınıb. Mərkəzi Seçki Komissiyasının seçicilərin sıyahısında Əmrahova Sevda Şirvan qızının 1962-ci il təvəllüdlü olduğu qeyd olunub, seçici siyahısı üzrə yaşayış yeri “Cənub Hissə” kimi göstərilib.
Qeyd edək ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyınin Kürdəmirdə icarəyə yer götürdüyü Aran-Regional filialı Ədəbiyyat Muzeyinin Kürdəmir şəhərində yerləşən Aran Regional Şöbəsi Şirvan bölgəsində dövlətimizin kulturoloji strategiyasını həyata keçirən əsas mədəniyyət mərkəzidir. 2005-ci ilin dekabr ayından fəaliyyətə başlamış Aran Regional Şöbəsi Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin elmi-tədqiqat və muzeyşünaslıq üzrə baş planı və fərdi iş planına əsasən yarandığı gündən etibarən bir sıra mədəni-kütləvi tədbirlər hazırlamış, onları müvəffəqiyyətlə həyata keçirmişdir.
Maraqlıdır, artıq iyirmi ilə yaxındır ki, fəaliyyət göstərən mədəniyyət mərkəzinin bu vaxta qədər inzibati binası olmayıbmı? Olmayıbsa Ədəbiyyat Muzeyınin Satınalma Komissiyası daha əvvəlki illərdə nə üçün Aran-Regional filialının icarəsi üzrə bağlanan müqavilələr barədə ictimaiyyətə açıqlama verməmişdir?
Göründüyü kimi Ədəbiyyat Muzeyı tərəfindən fiziki şəxs Əmrahova Sevda Şirvan qızı ilə bağlanan icarə müqaviləsində şübhə yaradan hallar var. Bu hallar da öz növbəsində bir çox suallar yaradır. Əsas sual icarəyə götürülən yerin neçə kvadratmetr olması və bu sahənin qiymətinin kim, və yaxud hansı dövlət qurumu tərəfindən müəyyən edilməsidir. Fiziki şəxs Əmrahova Sevda Şirvan qızının iş yeri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Elə isə növbəti sual yaranır. Sevda Əmrahova icarəyə verdiyi əmlakı hansı gəlirlə əldə edib? Qeyd etdiyimiz kimi Aran-Regional filialı 2005-ci ildən fəaliyyət göstərir. Əvvəlki illərdə Ədəbiyyat Muzeyınin Sevda Əmrahova ilə bağladığı icarə müqavilələrinin məbləği nə qədər olub? Kim zəmanət verə bilər ki, əvvəlki illərdə bu icarə müqavilələrinin qiyməti daha çox olmayıb, və bu yolla külli miqdarda dövlət vəsaiti mənimsənilməyib? Və kim zəmanət verə bilər ki, fiziki şəxs Əmrahova Sevda Şirvan qızı ilə Ədəbiyyatı Muzeyınin rəhbər vəzifəli şəxsləri arasında qohumluq telleri yoxdur? Ümumiyətlə, sözügedən yer Sevda Əmrahovaya məxsusdur, yoxsa millət vəkili Rafael Hüseynova?
Göründüyü kimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyı ilə fiziki şəxs Əmrahova Sevda Şirvan qızı arasında bağlanmış satınalma müqaviləsində şübhəli məqamlar çoxdur. Belə ki, satınalmanın keçirilməsi zamanı qiymətlərin şişirdildiyinə yol verilib. Bütün bunların araşdırılması təbi ki, aidiyyatı qurumların, Respublika Hesablama Palatasının, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin üzərinə düşür. Burada Milli Azərbaycan Ədəbiyyatı Muzeyınin vəzifəli şəxsləri ilə fiziki şəxs Əmrahova Sevda Şirvan qızının qohumluq tellərinin olması da istisna deyil. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyı yarandığı gündən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olmuşdur. Prezident İlham Əliyevin 28 iyul 2022-ci ildə imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmana əsasən əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Muzeyin direktoru uzun illərdir millət vəkili, akademik Rafael Hüseynovdur.
Qeyd edək ki, Ədəbiyyatı Muzeyı tərəfindən satınalmalarda yol verilən şübhəli hallara aydınlıq gətirilməsi məqsədi ilə redaksiyanın ünvanladığı sorguya qurumdan cavab verilmədi. Buna baxmayaraq əks tərəfin mövqeyini dərc etməyə hazırıq və ətraflı araşdırmalardan sonra mövzuya bir daha qayıdacağıq.

Aktualinfo.org

Paylaş: