Cəmiyyət

50 manatlıq ucuzlaşma çörəyə təsir edəcək? – AKTUAL

Azərbaycanda 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib.

Bu, 2023-cü illə müqayisədə 50 manat və yaxud 11,1 % azdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.

Qeyd edək ki, hazırda bazarda un və un məhsulları son qiymətlər əsasında satışdadır.

Bəs ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin 50 manat ucuzlaşması bazarda yeni qiymətlərin tətbiqinə, un və un məhsullarının ucuzlaşmasına gətirib çıxaracaqmı?

İqtisadçı-ekspert Fuad İbrahimov “Cebhe.info”-ya bildirdi ki, bu gün qiymət ucuzlaşmasını daha çox birjalarda gözləyirik:

“Hazırkı buğda ilə bağlı ucuzlaşma, ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin 50 manat ucuzlaşması prosesinin, məhsulun ucuzlaşmasının xüsusi çəkisində ciddi təsiri olmayacaq.

Ən azından öz səviyyəsində qalmasına, sahibkarların rahat işləməsində bu özü də bir faktdır. Mənfəət olmasa, sahibkar da işləyə bilmir. Ən azından keyfiyyətinə xidmət edə biləcək, çəkisində hansısa bir uyğusuzluqların aradan qaldırılması, eyni zamanda rəqabət mühitinin formalaşmasına şərait yarada biləcək bir göstəricidir.

Ümumi qiymətin ucuzlaşması üçün gərək dünya bazarında buğdanın qiymətinin uzuclaşmasını görək. Bir müddət əvvəl müəyyən çətiniklər yaranmışdı və unun qiymətində bahalaşma vardı.

Mövcud vəziyyətin unun qiymətinin yenə də stabilləşməsi istiqamətində hərəkətə gələcək bir amil, yəni ucuzlaşması deyil, stabil qalması kimi qəbul olunmalıdır.

Çünki bu gün taxıl, buğda kimi məhsullar Azərbaycanda strateji vacib məhsullar sırasına daxildir və hökumət onu daim nəzarətdə saxlayır. Lazım gəlsə, subsidiyalar ayrılır. Bu sahə elə də geniş gəliri olmayan bir sahədir.

Ona görə də bu proses ucuzlaşmaya birbaşa yol açan addım kimi qəbul olunmamalıdır, ancaq stabilləşmə istiqamətində çox mühüm addımdır”.

Paylaş: