“Şərur MTK” yaşayış kompleksində baş verən “terror” kimi lift qəzası ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Musavat.com-a daxil olan məlumatda bildirilir ki, qarşıdakı həftədə iş üzrə zərərçəkənlər məhkəmə tibb ekspertizasından keçiriləcək, aldıqları xəsarətlərin ağırlıq dərəcəsi müəyyən olunacaq.
Qeyd olunur ki, istintaq ilkin araşdırmalarla qəza baş verən liftin texniki cəhətdən bərbad durumda olmasını üzə çıxarıb. Qəza tormozlanma sisteminin işlək olmadığı, liftin əsas hərəkət hissələrindən olan şkiflərinin, trosların son həddə qədər aşındığı da məlum olub.
Baxış zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Üzə çıxıb ki, “Şərur” MTK kompleksdəki liftlərə xidmət göstərilməsi ilə bağlı qanunları kobud şəkildə pozub. Liftlərin texniki cəhətdən saz saxlanılmasına, təmirinə qanunla Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyindən lisenziya almış təşkilat buraxılmalıdır. İstintaq müəyyən edib ki, “Şərur” MTK rəsmiləri bunun əvəzində fiziki şəxslə müqavilə bağlayıb. Bu kobud qanun pozuntusudur və cinayət məsuliyyəti yaradan hallara yol açan əməl kimi qiymətləndirilir.
Hazırda kompleksdəki bütün liftlərdə təmir işlərinə başlanıb.
Sakinlər bildiriblər ki, kompleksdəki liftlərin texniki durumundan olduqca narahatdırlar. Buna görə də Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlamaqla təcili tədbirlərin görülməsini xahiş edirlər.
Yada salaq ki, iyunun 13-də Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən kompleksdəki binalardan birinin lifti nasazlıq üzündən sürətlə üzü aşağı meyllənib, şaxtanın özülünə çırpılıb, nəticədə bir ailənin 8 üzvü çoxsaylı ağır dərəcəli, açıq, qəlpəli sınıq xəsarətləri alıblar. Yaralılardan 2-si azyaşlı, 3-ü qadın, 2 nəfəri isə kişidir. Dəhşətli qəzadan 1 gün sonra qəza baş verən binadakı liftin qarşısına “4 nəfərdən artıq minmək olmaz” elanı yapışdırılıb.
Kompleksdəki binaları inşa edən “Şərur MTK”nın sahibi, tikinti maqnatı İsfəndiyar Axundov unikal.az-a açıqlama verib. O, dəhşətli qəzada ağır xəsarətlər alan ailəni hədəf götürüb, onları ittiham edib.
İsfəndiyar Axundovun dediklərindən sitat:
“Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”.
Dəhşətli qəzada xəsarət alan ailənin başçısı Nofəl Nağıyev İsfəndiyar Axundovu yalan danışmaqda ittiham edib. Bildirib ki, lift cinayətkarcasına səhlənkarlıq üzündən, zamanında təmir olunmaması səbəbindən 7-ci mərtəbədən sürət yığmaqla şaxtanın özülünə çırpılıb.
Onun Musavat.com-a dediklərindən sitat:
“Yalandan deyir guya biz ailəlikcə 4 nəfərlik liftə 8 nəfər minmişik və qəza da guya bu səbəbdən baş verib. Gözünün içinə qədər yalan danışır. Qəza binadakı liftin kəskin şəkildə nasaz olması səbəbindən baş verib. Biz Şərurlu İsfəndiyarın cinayətə bərabər səhlənkarlığının ailəlikcə qurbanı olmuşuq. İndi də bu cür danışmaqla məsuliyyətdən yayınmağa çalışır. Mən iki vəkil tutmuşam, araşdırmışam ki, lift tam nasaz olub. Bu gün də o binadakı liftlərin texniki durumu olduqca acınacaqlı vəziyyətdədir. Ümumiyyətlə, Şərurlu İsfəndiyarın MTK-sının hər hansı bir lift şirkəti ilə müqaviləsi filanı da yoxdur. Liftlərin yoxlamadan keçməsi haqda hər hansı bir akt da yoxdur. Hər ay həmin binaların sakinlərindən 50-70 min manat pul yığılır, amma liftlərin təmirinə sırf “xalturşik” lift ustaları tapıb cəlb edirlər. Liftləri isə bu şəkildə, cinayətə bərabər səhlənkarcasına istismar ediblər. Cinayətkarcasına səhlənkarlığa görə cavab verməlidirlər. Əgər Şərurlu İsfəndiyarın dediyi kimi olsaydı, biz 4 nəfərlik liftə 8 nəfər minsəydik, bu halda liftin qapıları bağlanmamalı idi. Bunu Şərurlu İsfəndiyar da çox gözəl bilir, amma yalan danışmaqdan da qalmır, düşünür ki, mən ondan əl çəkəcəyəm”.
Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün ailə üzvləri ilə bərabər həmin binadakı qızının evinə qonaq gediblər:
“Axşam 10 radələrində mənzildən çıxıb daha çox sərnişin tutumu olan liftə mindik. Qızımın mənzili 15-ci mərtəbədə yerləşir. Biz liftə 7 nəfər minmişdik. 2 azyaşlı nəvəm, kürəkənim, həyat yoldaşım və digər iki xanım qohum bizimlə idi. Lift 7-ci mərtəbəyə çatanda qəfil sürətlə aşağı meylləndi və yerə çırpıldı. Bir anda lifti toz-duman bürüdü. Hər birimiz olduqca dəhşətli ağrılar içində kömək çağırırdıq. Liftin sürətlə yerə çırpılmasından mənim, kürəkənimin, nəvələrimin, həyat yoldaşımın və digər iki yaxın qohumumun ayaqlarımız sınıb, onurğa və qabırğalarımızda sınıqlar var. Olduqca ağır durumdayıq. Hər birimiz əməliyyat olunmuşuq. Bu günə qədər də bədənimizdə ağrılar var. Bankdan 50 min manat kredit götürüb xəstəxanalarda müalicəmizə xərcləmişik”.
Nofəl Nağıyev bildirib ki, hadisədən sonra onlarla maraqlanan yoxdur:
“Mən baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm. Xahiş edirəm ki, ailəmizə qarşı lift terroru araşdırılsın və günahkarların cəzaya çatdırılması təmin olunsun”.