Şəhərin mərkəzində qala divarlarının ətrafında boş qalan ən balaca və dar yerlər də artıq zəbt edilir. Qoşa Qala qapılarının ətrafı, qalanın aşağı divarının yanında yeni restoran üçün hazırlıqlar gedir.
Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə narazı sakinlərlə yanaşı memar Elçin Əliyev də paylaşım edib. Aparılan işlərə etirazını bildirən memar bildirib ki, bu gedişlə Bakıda bir dənə də boş yer qalmayacaq:
“Dünyanın heç bir yerində şəhər büdcəsinə bu qədər xeyir vermək istəyi yoxdur! Tezliklə Bakıda bir dənə də olsun pulsuz yer qalmayacaq.
Sizi bilmirəm, amma şəxsən mən Azərbaycan məmurları ilə fəxr edirəm! Qalın dəri pul kisələrinizi hazırlayın, yastıqlarınızın, döşəklərinizin altından əmanətlərinizi çıxarın, əziz həmvətənlər – yaxın günlərdə qala divarının yaxınlığındakı kiçik meydanın yerində yeni bir restoran açılacaq”.
Qeyd edək ki, qala divarları boyunca oturacaqlar qoyulub. Restoranı avtomobil yolundan ayırmaq üçün də artıq dəmir çəpər çəkilib.
Tribunainfo.az