İqtisadiyyat

Moody’s: Azərbaycan iqtisadiyyatının dollardan asılılığının azalması xarici risklərə həssaslığı azaldıb

Azərbaycan iqtisadiyyatının dollardan asılılığının azalması, valyuta bazarlarının əhəmiyyətli dəyişkənliyə məruz qalmasını azaldaraq kreditlərin xarici risklərə həssaslığını azaldıb. “Zirvə yolu” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqinin müsbət proqnozla “Ba1” səviyyəsində təsdiqlənməsi ilə bağlı hesabatında qeyd olunub.Bununla yanaşı, “Moody’s”in analitikləri hesab edir ki, bankların xarici valyuta risklərinin azaldılması üçün prudensial tədbirlərin sərtləşdirilməsi fonunda maliyyə sistemində də dollarlaşmanın səviyyəsi azalmaqda davam edir:”Azərbaycanda maliyyə sektoru tənzimlənməsinin keyfiyyətinin yaxşılaşdırılması bank sektorunda daha böyük dayanıqlılığı təşviq edir və hökumət üçün şərti öhdəlik risklərini azaldır. Son illərdə bank sektorunda aktivlərin keyfiyyəti müxtəlif şoklara baxmayaraq davamlı olaraq yaxşılaşıb, yüksək ehtiyatlar ciddi şoklara qarşı absorbsiya qabiliyyətini artırıb. Bankların kapital və likvidlik mövqeyi güclüdür və Bazel III standartlarının tədricən tətbiqi ilə daha da güclənəcək”.Hesabata görə, 2022-2023-cü illərdə Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi pul siyasətinin sərtləşdirilməsi əvvəlki şoklara nisbətən daha çox effektiv olub, daha tez-tez, lakin daha az intensivliklə uçot dərəcəsinin artırılması inflyasiya təzyiqlərini cilovlayıb.”Pul siyasətinin təkmilləşdirilmiş effektivliyi və etibarlılığı, siyasət qərarlarının verilməsindəki şəffalığı artıran islahatlarla yanaşı makroprudensial risklərin monitorinqi və idarə edilməsində daha çox proaktiv yanaşmanı əks etdirir.2022-ci ilin sonlarında yeni əməliyyat çərçivəsinin tətbiqi ilə pul siyasətinin ötürülməsini təkmilləşdirmək üçün davam edən səylər islahat öhdəliyindən xəbər verir ki, bu da siyasətin effektivliyini daha da artıracaq və uzunmüddətli perspektivdə inflyasiya hədəfləmə rejiminə keçid üçün zəmin yaradacaq”, – “Moody’s” bildirir.

Paylaş: