Şuşa şəhərinin dayanıqlı su təchizatı məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr təşkil edəcək müasir tipli yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. “Zirvə yolu” xəbər verir ki, bu sözləri açıqlamasında Qarabağ Regional Sukanal idarəsinin Şuşa sukanal sahəsinin rəisi İlqar Salahov deyib.Onun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhəri 2020-ci il noyabrın 8-də şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb:“Mütəxəssislər tərəfindən Şuşanın su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılarkən məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər məqsədli şəkildə dağıdılıb və nəticədə suyun nəqli dayandırılıb”.O bildirib ki, Təxirəsalınmaz Tədbirlər Proqramına əsasən Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi bərpa edilib: “Eyni zamanda, Şuşa şəhərinin digər su mənbəyi – Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib”.