Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, 28A ünvanında yaşayan Mustafayeva Sevinc Nəsrəddin qızından Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, aldığı ünvanlı sosial yardımın kəsilməsindən şikayətçidir. İddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib, ona sistemdə “imtina”nın görünmədiyini, sadəcə araşdırıldığı vurğulanıb. Vətəndaş 4 aydır yoxlama getdiyini, evinə baxış keçirilmədiyini bildirir:
“Mən, Mustafayeva Sevinc Nəsrəddin qızı, yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, 2019-cu ildən bəri ünvanlı sosial yardım alırdım. 5 və 6 yaşında iki oğlum var, onların “Pampers” pulundan tutmuş müəyyən məbləğəcən vəsaiti verirdilər.
2023-cü ilin iyul ayında sənədlərimi göndərmişdim. Sentyabrda yoxlama gəldi, oktyabrda təsdiqləndi. 6 ay aldım, daha sonra pul kəsildi. Martda təzədən icraçılar gəldi, yazdılar-pozdular, getdilər.
Yoldaşım işləmir, özüm “DOST” MMC-də süpürgəçi kimi pul qazanıram, amma dolana bilmirik. 4 ay olur ki, ünvanlı sosial yardımla bağlı müraciətimizə cavab gəlməyib. “Qaynar Xətt”ə zəng vururuq, deyir, “otkaz” yoxdur, sadəcə sənədlərinizdə yoxlama aparılır. Mən də etiraz edirəm ki, bu qədər ay keçib, yoxlanış bitməyib? 507 manat pulum kəsilib, səbəbini açıqlamırlar, elə deyirlər, “gözlə”.