Şəkildə gördüyünüz bu bina (əgər buna bina demək mümkündürsə) Laçın qaçqın məktəbinin binasıdır. Bakının Badamdar qəsəbəsində yerləşir. Gördüyünüz kimi, bina düz qayanın üstündə yerləşir və arxa tərəfdən oraya yol yoxdur. Məktəbin ön tərəfdən olan yeganə yolu isə Badamdar qəsəbəsi 1-ci massiv, Topçubaşov küçəsi, 126 ünvanında yaşayan Zəminə Zahirovanın həyətindən keçir. Bu isə onunla məktəbin direktoru Piyalə Xudayarova arasında tez-tez qarşıdurma yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Bakupost.az -a şikayət edən Zəminə Zahirova bildirib ki, direktor, müəllimlər və şagirdlər hər gün məktəbə onun həyətindən gedib-gəlirlər:
“Evimizin arxasındakı ərazidə əvvəl iki ədəd modul tipli otaq yerləşdirmişdilər. Həmin əraziyə gediş-gəliş yolu isə qarşı tərəfdən idi. Elə oldu ki, həmin yolun üstündə bina tikdilər. Məktəb yolsuz qaldı. Direktor Piyalə Xudayarova da bizim ərazidə villasında yaşayır. O, bir gün məndən xahiş etdi ki, evinin qarşısından bizə bir cığır ver, məktəbə gedib-gələ bilək. Mən də onların xahişinə “yox” demədim. Düşündüm ki, Laçından məcburi köçkündürlər, uşaqlar gəlib burda təhsil alırlar. Ona görə də evimin qarşısından onlara piyada gəlib-getməyə icazə verdim”.
Şikayətçi deyir ki, bu yaxşılığı sonradan onun başına bəla olub:
“Mən gediş-gəlişə icazə verəndən sonra direktor və müəllim kollektivi gecəylə bu ərazidə məktəb üçün otaqlar tikməyə başladılar. Bizim qonşu isə küçəmizə gələn yolu təmir etdirdi. Bundan sonra direktor öz bahalı avtomobiliylə mənim həyətimdən məktəbə gəlib-getməyə başladı. Bu səbəbdən aramızda mübahisə yarandı. Hətta o, məktəbin girişinə darvaza da qoydurdu. Buna görə ona iradımı bildirdikdə dedi ki, mənim arxamda duranlar var, rəhbərlik necə deyib, elə də etmişəm. Elə etmə ki, evini də sökdürüm. Hətta direktor avtomobili ilə həyətimə dönə bilmədiyi üçün səkimi belə sökdürdü. Bununla bağlı müvafiq qurumlara şikayət də etmişəm”.
Zəminə Zahirova hazırda ailəsi və nəvələrinin həyatının təhlükədə olduğunu bildirib:
“Nəvələrim həyətə düşə bilmirlər. Maşınlar evimin giriş qapısının önündən keçib gedir. Direktor Piyalə Xudayarovaya digər məktəb binalarında Laçın qaçqın məktəbinə yer verilməsi təklif olundu. Amma o, bununla razılaşmadı. Görünür, onun məhz burada fəaliyyət göstərmək istəməsində hansısa maddi maraqları var”.
Zəminə Zahirova iddia edir ki, məktəbdə kifayət qədər yeyinti halları var:
“Burada ancaq Piyalə Xudayarovanın yaxın çevrəsi çalışır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir. Hər dəfə mən bu məsələni qaldırandan sonra onlar məcbur qalıb işə gəlirlər. Direktorun özbaşınalığı ilə bağlı müvafiq qurumlara şikayətlər etmişəm. Bütün qurumlar müraciətimə müsbət cavab verib, lakin Elm və Təhsil Nazirliyi indiyə kimi yazdığım heç bir məktuba cavab verməyib. Bilirəm ki, yazdığım məktublar nazir Emin Əmrullayevə çatmır, əgər onun bundan xəbəri olsa, tədbir görər”.
Yeri gəlmişkən, Zəminə Zahirovanın yaşadığı ünvanda olarkən Laçın qaçqın məktəbinin yerləşdiyi əraziyə də baş çəkdik. Məktəb sıldırım qayanın üzərində, sürüşmə zonası sayılan təhlükəli bir ərazidə tikilib. Burda şagirdlərin təhsil alması çox təhlükəlidir. Hətta Zəminə Zahirovanın müraciətlərindən sonra Fövqəladə Hallar Nazirliyi əraziyə baxış keçirib və məktəbin təhlükəli ərazidə tikildiyi təsdiq edilib.
Məsələ ilə bağlı Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarova ilə də əlaqə saxladıq.
O, Bakupost.az -a açıqlamasında şikayətçinin ittihamlarıyla razılaşmadı. Direktorun sözlərinə görə, mübahisəsi gedən yol Zəminə Zakirovanın, deyil, məktəbin mülkiyyətinə məxsusdur:
“Laçın qaçqın məktəbi 1996-cı ildən həmin ərazidə fəaliyyət göstərib. O zaman Zəminə Zahirovanın qayınanasının xahişi ilə onlara məktəbin yoluna qapı açmağa icazə veriblər. Əslində onların evlərinin girişi evin arxa tərəfindəndir. Bizim rəhmətlik qayınanasıyla və Zəminə xanımla yaxşı münasibətlərimiz olub”.
Direktorun iddiasına görə, başqa bir qonşu Zəminə Zahirovanı öyrədir ki, məktəbə problem yaratsın:
“Bura köçkün məktəbidir. Müvəqqəti məskunlaşmışıq, Laçına qayıdacağıq. Zəminə xanımı kimin öyrətdiyindən xəbərimiz var. O, əsassız narahatçılıq yaradır. Məndən əvvəlki direktorun vaxtında onlar məktəbin təxliyə yolunu tutublar. Amma heç kim deyə bilməz ki, məktəb kollektivi kimisə narahat edib. Burda 5-6 müəllimin avtomobili var və çoxu yaxında yaşadığı üçün məktəbə piyada gəlirlər. Biz insanıq, kiminsə yolunu kəsmək bizə xas olan xüsusiyyət deyil”.
Piyalə Xudayarova şikayətçinin məktəbdə yeyinti hallarının olmasıyla bağlı ittihamlarına da cavab verib:
“Doqquzillik məktəbdir, 60 şagirdimiz, 20 müəllimimiz var. Elə sinif var ki, orda 3 nəfər uşaq var. Burda hansı yeyintidən söhbət gedə bilər? Biz müəllimik, cəmiyyətə kadr hazırlayırıq, şəxsiyyət yetişdiririk. Hər birimiz təhsil ocağına dəstək olmalıyıq”.