Cəmiyyət

ELMAN RÜSTƏMOV MALİYYƏ PROBLEMİ YAŞAYIR? – “Səba” şirkətinin qiymətli aktivləri satışa çıxarılır

Uzun illərdir Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən “Səba” ASC-nin, deyəsən, ciddi maliyyə problemləri yaranıb.

Şirkətin səhmdarlarının 29 iyul tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin aktivlərinin bir hissəsinin satılması məsələsi salınıb. Buraya şirkətə aid torpaq sahələri, digər şirkətlərdəki payları və səhmləri daxildir.

Beləliklə, gündəlikdə duran məsələlər aşağıdakılardır:

  1. “Səba” ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması haqqında.
  2. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında.
  3. “Biləsuvar Aqro” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında.
  4. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Qarabağ Taxıl” MMC-nin iştirakçısı olduğu “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında.
  5. “Səba” ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin “Azerbrood” MMC-yə satılması haqqında.

Xatırladaq ki, rəsmən sözügedən şirkət Elman Rüstəmovun yaxın adamı kimi tanınan Natiq Quliyevə aiddir. Bu biznes imperiyasında həmçinin, “Honda”, “Mazda”, “Mitsubisi” şirkətlərinin Azərbaycandakı nümayəndəliyi, Qarabağ Taxıl, Biləsuvar AQRO, Abşeron damazlıq və digər şirkətlərin daxil olduğu barədə məlumatlar var. Bu sıraya əlbəttə ki, Rüstəmovun himayə etdiyi deyilən “Bank Respublika” da aiddir.

Yuxarıda qeyd edilən iclasın gündəliyinə nəzər yetirdikdə “Səba”-nın çətin maliyyə durumuna düşdüyünə dair təsəvvür yaranır. Əks halda, şirkətin özünün əhəmiyyətli aktivlərini satması səbəbini izah etmək çətindir.(azpolitika)

Paylaş: