Elnur Əliyevlə Vüsal Xanlarovun təsisçisi olduğu MMC-lər Təhsil İnstitutunun təlimlərini keçir, yoxsa…
Azərbaycan Respublikası Təhsil İnstitutu ötən gün dövlət satınalmalarının vahid internet portalında bir neçə lot üzrə yekunlaşdırdığı açıq tenderlərin nəticələrini elan edib. İnstitut “Ümumi təhsil müəssisələrində təhsilalanların bacarıqəsaslı öyrənmə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin keçirilməsi” üzrə “Marshall Cavendish Education” MMC ilə 550.900 manat dəyərində, “Dərsin planlaşdırılması üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə “Azərbaycan Müəllim İnkişaf Mərkəzi” MMC ilə 72.000 manat dəyərində, ““Qərbi Azərbaycana qayıdış” olimpiadasının təşkili və keçirilməsi” üzrə “İnnovative Bussiness Products” MMC ilə 88.597,94 manat dəyərində satınalma müqavilələri bağlayıb. İki satınalma prosedurunda maraqlı məlumatlar əldə etdiyimizdən daha ətraflı araşdırma apardıq.
Azərbaycan Respublikası Təhsil İnstitutu “Məktəblərdə müasir metodik xidmətin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və 16.07.2024-cü ildə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə 479.000 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏHSİLDƏ İNNOVATİV TEXNOLOGİYALAR ƏLAVƏ TƏHSİL MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.08.2012-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV, ev 4, m. 105, qanuni təmsilçisi kimi isə Axundov Emin Əlövsət oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Xanlarov Vüsal Tərlan oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Vüsal Xanlarov kimdir? Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi. Qeyd edək ki, o bu vəzifəyə 2018-ci iln fevralından təyin edilib.
Qeyd edək ki, Vüsal Xanlarovun təsisçisi olduğu MMC elə rəhbəri olduğu Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin iyun ayında keçirdiyi bir tendetin də qalibi olub. İdarə İKT üzrə ixtisasartırma və stajkeçmə təlimləri xidmətlərinin satınalması üzrə idarə rəisinə məxsus MMC ilə 1.200.201,18 manat məbləğində satınalma müqaviləsi bağladığını 06.06.2024-cü ildə açıqlayıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun daha mir maraqlı tenderi də İstedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi üzrə açıqlanıb. 16.07.2024-cü ildə açıqlanan məlumata görə İnstitut “Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi” MMC ilə 100.000 mamat məbləğində satınalma müqaviləsi bağlayıb. Bəs bi MMC haqqında nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PEŞƏKAR TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİ” ƏLAVƏ TƏHSİL MÜƏSSİSƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.04.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XOCALI, ev 64, qanuni təmsilçisi kimi isə Mehtiyev Nəcməddin Saday oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Əliyev Elnur Qəzənfər oğlu tərəfindən təsis edildiyi göstərilir.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Əliyev Elnur Qəzənfər oğlu Elm və təhsil nazirinə müşavir təyin edilib. O, həmçinin Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir. Qeyd edək ki, Elnur Əliyev Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində də çalışır.
Xüsusilə diqqətinizə çatdırmaq istərdik ki, Elnur Əliyevin təsisçisi olduğu MMC 2024-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət üzrə xidmətlər” üzrə 1.328.633,51 manat və “21-ci əsrdə səmərəli məktəb idarəçiliyi üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə 460.800 manat dəyəri olan iki tenderinin də qalibi olub.
Göründüyü kimi Elm və Təhsil Nazirliyinin bu vəzifəli şəxsləri elə həmin nazirliyə tabeli qurumların satınalmalarında özlərinə məxsus şirkətləri qalib çıxarırılar. Yəni özləri satır, özləri də alırlar.
Burada qanun nə tələb edir? “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu isə aşağıdakıları tələb edir.
Maddə 6. Satınalmalarda maraqlar toqquşması
6.1. Təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda; 6.1.4. satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.
Göründüyü kimi Azərbaycan Respublikası Təhsil İnstitutunun keçirdiyi tendrlərin qalibi Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun təsisçisi olduğu MMC ilə Elm və Təhsil nazirinin müşaviri, Təhsil İnstitutunda direktor səlahiyyətlərini icra edən Elnur Əliyevin təsisçisi olduğu MMC olub. Bu heç də təsadüf deyil. Və burada məktəblərdə müasir metodik xidmətin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, istedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət üzrə xidmətlər, İKT üzrə ixtisasartırma və stajkeçmə təlimləri kimi xidmətlərdən söhbət belə gedə bilməz. Olsa-olsa görk üçün bir iki təlim keçirilə bilər. Qalanı dövlət vəsaitlərinin bu adlarla silinməsindən başqa bir şey deyildir.
Aktualinfo.org