Cəmiyyət

Relsdən çıxan qatar yox… Rüstəmovun şəxsidir… – İLGİNC GƏLİŞMƏ…

“Azərbaycan Dəmir Yolları” QSC Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxması ilə bağlı rəsmi məlumat yayıb.

Dia-az.İnfo xəbər verir ki, məlumatda deyilir:

“16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılıb və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə işləri görülüb, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanıb”.

Qeyd edək ki, son günlər “Azərbaycan Dəmir Yolları” QSC-nin adı müxtəlif qalmaqallarda hallanmaqdadır. Dia-az.İnfo-nun məlumatına görə, bu ittiham dolu olaylardan aydın olur ki, təkcə ADY-yə aid qatarlar yox, elə ADY-nin hörmətli şefi Rövşən Rüstəmov cənabları da relsindən çıxmaqdadır. Bunun isə ona baha başa oturacağı şəkksizdir. Çünki söhbət çox ciddi həcmdə büdcə vəsaitlərinin mənimsənilməsindən gedir.

Dia-az.İnfo xatırladır ki, 11 iyul 2024-cü il tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı. Bu barədə yazılan məqalədə qurumun yol verdiyi qanunsuzluqlarla bağlı qərarın detalları öz əksini tapır. Belə ki, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrıseçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər.

Dövlət Xidmətinin hərtərəfli araşdırmasından sonra məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC haqsız rəqabətə yol verərək, “Antiinhisar fəaliyyəti haqqında” qanunu kobud şəkildə pozub.

Qərarda deyilir: “Azərbaycan Dəmir Yolları” QSC sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırıldığına və bununla da “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş küllü miqdarda gəliri “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödəməlidir”.

Qeyd edək ki, artıq bu məsələlər yetərincə ictimailəşib və hətta deputat Vahid Əhmədov ADY-də təftişin vacibliyini də vurğulayıb.

Bir sözlə, bu yay Rövşən rüstəmov üçün yetərincə hərarətli ola bilər. Doğrudur, hələlik siyasi hakimiyyətin başı qarışıq kimi görünür. Ortada növbədənkənar parlament seçkiləri var. Amma bu belə Rövşən Rüstəmovla bağlı ölçü götürülməsini yubatmaya bilər…

Məsələ diqqətimizdədir…

Paylaş: