Yasamalda qanunsuz “icra”… İcazə sənədi olan obyektlər xəbərdarlıq və məhkəmə sənədi olmadan sökülür
Paytaxtın müxtəlif yerlərində söküntü işləri aparılır. Proses heç də sakit keçmir. Xüsusilə, fərdi yaşayış evlərinin və kiçik ticarət obyektlərinin kompensasiya ödənilməklə sökülməsi qalmaqalla müşayiət olunur. Çünki sakinlərə xeyli aşağı məbləğ təklif olunur. Bunların arasında ev və obyekt sahibinin icazəsi olmadan mülkiyyətin dağıdılması halları da kifayət qədər çoxdur.
Bizimyol.info xəbər verir ki, Yasamalda da obyektlər xəbərdarlıq edilmədən sökülür. Abbas Mirzə Şərifzadə, 1 ünvanında (“Azad Azərbaycan” telekanalının yerləşdiyi binanın yaxınlığı) heç bir məhkəmə qərarı olmadan söküntü işləri aparılır. Sahibkarlar bunun qarşısını ala bilmirlər. Burada 10-dan çox obyekt bir günün içində tamamilə dağıdılıb.
Sahibkarlar deyir ki, belə situasiya ilə qəfildən üzləşiblər. Onlara şifahi xəbərdarlıq da olunmayıb. Sahibkarlardan Sadiq Ağayev heç mallarını ortadan yığmağa imkan tapmadığını bildirir. Onun sözlərinə görə, azı 30 min manatlıq məhsulu sıradan çıxarılıb:
“Əvvəldən desəydilər, heç olmasa, malları çıxarardım. Bizimlə gəlib söhbət eləyən də olmayıb. Ziyanı kim ödəyəcək? Bir ucdan sökə-sökə gəlirdilər. O tərəfdə bərbərxananı, çəkməçi dükanını, mağazaları, dönərxananı sökmüşdülər. Bizim meyvə dükanını da onların gözünə qatıblar”.
Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov mediaya açıqlamasında obyekt sahiblərinin mülkiyyət hüququnu təsdiqləyən sənədinin olmadığını əsas gətirir. O, sökülən yerlərin Texniki Universitet, Memarlıq və İnşaat Universitetinin ərazisi olduğunu iddia edir. Deyir ki, burada abadlıq işləri aparılacaq, yataqxanalar təmir ediləcək.
İş orasındadır ki, sahibkarların əksərinin, o cümlədən, Sadiq Ağayevin əlində Bakı Şəhər İcra Hakimiyyətindən alınmış icazə sənədi var. Hüquq müdafiəçiləri istənilən halda məhkəmə qərarı olmadan söküntü işlərinin aparılmasının qanunsuz olduğunu deyirlər. Hətta sahibkarın icazə sənədi olmasa, həmin ərazini qanunsuz zəbt etsə belə, obyekt məhkəmə qərarı olmadan sökülə bilməzdi.
Son vaxtlar belə halların sayı çox artıb. Mülkiyyət toxunulmazlığı nəzərə alınmır. Konkret Yasamalda 25 ildən çox bu işlə məşğul olanlara qarşı haqsızlığa yol verilib. Vətəndaşa ödənilməli olan kompensasiyadan heç danışan da yoxdur.
Dövlətdən hər hansı yardım gözləmədən yaşamını sürdürən adamlara qarşı belə davranmaq yolverilməzdir.
Bizimyol.info