Qubadlı rayonu, Xəndək kənd sakini Cavadov Qurban Eyvaz oğlu tərəfindən Hürriyyet.az saytının redaksiyasına şikayət məktubu təqdim edilib. Vətəndaş iddia edir ki, bəzi məmurların səhlənkarlığına görə, övladları işlə təmin olunmur. O, şəhid ailəsinin bir üzvü olaraq xahiş edir ki, ölkə başçısı Prezident İlham Əliyev bu məsələni öz diqqətində saxlasın:
“Mən, Cavadov Qurban Eyvaz oğlu, yazaraq sizin nəzərinizə çatdırıram ki, Birinci Qarabağ müharibəsində Qubadlı rayonunun işğalı zamanı 1 günün içərisində ailəmin 4 üzvü şəhid olub. Atam Cavadov Eyvaz əsir götürülüb və əsirlikdə şəhid olub. Qardaşım Cavadov Əvəz Eyvaz oğlu, bacım Cavadova Gilə Eyvaz qızı və bibim Cavadova Sərəncam Əvəz qızı şəhid olublar və heç birinin nəşi belə tapılmadı.
Mən şəhid ailəsi olduğum halda, oğlum Cavadov Elvin və qızım Cavadova Tutuya bir normal işə düzəldə bilmirəm.
Daxili İşlər Nazirliyinə, cənab Prezidentə, Fövqəladə Hallar Nazirliyinə, Mehriban xanım Əliyevaya, Prezident Aparatının qəbul şöbəsinə dəfələrlə məktub yazmışam. Hətta Prezident Aparatında qəbulda da olmuşam. Ərizəmə, şikayətimə baxılmayıb. Amma Prezidentin dediklərinə əsasən şəhid ailələrinə xüsusi qayğı göstərilməlidir.
Bəzi məmurlar ərizə və şikayətlərimə baxmır. Buna görə də sizin vasitənizlə cənab Prezidentə siqnal göndərmək istəyirəm. Cənab Prezident bildirmişdi ki, mənə siqnal ötürün, xəbərdar edin”.