“Mən Prezidentlə görüşmüş adamam” deyən Nizami sakini yüzlərlə insanın həyatını təhlükəyə atıb… – GİLEY
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57 ünvanında yaşayan sakinlər tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət daxil olub.
Şikayətçilər bildirirlər ki, göstərilən ünvanda yerləşən doqquz mərtəbəli binann 3-cü mərtəbəsində yerləşən 41 saylı mənzilin sahibi Məmmədova İradə və onun yoldaşı Məmmədov Beyrək mənzillərini təmir etdirərkən söküntü zamanı daşıyıcı divarlara zərər vermiş və bu divarları dağıdıb ləğv etmişlər. Binanın aid olduğu “Nizami-14” MMMC-nin sədri Ülviyyə Şükürovanın mənzil sahibinə xəbərdarlıq etməsinə və sakinlərin narazılığına baxmayaraq, ev sahibi heç nəyə məhəl qoymur və öz işinə davam edib. Mənzil sahibinin həyat yoldaşı Məmmədov Beyrək, “Mən Prezidentlə görüşmüş adamam” deyərək MMMC sədrini təhdid edib və saymamazlıq nümayiş etdirib. Artıq 41 saylı mənzilin üstündə 4-cü mərtəbədə yerləşən 43 saylı mənzilin divarlarında eyni istiqamətdən çat yaranmağa başlayıb. Birbaşa nazir Kəmaləddin Heydərova şikayət məktubu və teleqramla müraciət edilməsinə, habelə nazirliyin qaynar xətti ilə əlaqə saxlanılmasına baxmayaraq, reaksiya yoxdur.
“Biz sakinlər bildiririk ki, Türkiyədəki zəlzələdən sonra ölkəmizdə də bu məsələyə həssas yanaşılır və belə də olmalıdır. Amma hələ ki, nazirlik bu qanunsuz insidentə müdaxilə üçün qurumun yetkili şəxslərini göndərməyib. Ümid edirik ki, heç olmasa məsələnin işıqlandırılmasından sonra bu məsələyə lazımi reaksiya veriləcək”, – deyə şikayətçilər narazılıqlarını ifadə edirlər.