SOCAR-ın sərmayəsi ilə maliyyələşən “Ekol Mühəndislik Xidməti” Qapalı Səhmdar Cəmiyyətində də ixtisarlara başlanılıb. Bu barədə Meydan TV-yə cəmiyyətin bildiriş almış əməkdaşları bildirib. Onların sözlərinə görə, bir gündə 50-dən artıq əməkdaşa bildiriş paylanılıb.
“Onsuz da işimiz ağır idi, amma bir tikə çörək üçün dözməyə məcburduq. Çoxu özünə iş axtarır, təsəvvür edin ki, hamı bir-birindən iş tapmaq üçün yardım istəyir. Bir yandan da hər şey bahalaşır, vəziyyətimizin necə olaağını təsəvvür edə bilmirik”,- adının mətbuatda açıqlanmasını istəməyən əməkdaş bildirib.
Onun sözlərinə görə, adları şikayətçilərin siyahısına düşəndən sonra iş tapmaq lap çətinləşir:
“Hamı qınayır, amma ailəni dolandırmaq lazımdır. Körpə uşaqlara yemək lazımdır”.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə bildirib ki, “Ekol Mühəndislik Xidməti” Qapalı Səhmdar Cəmiyyətində artıq 30-a yaxın əməkdaşın müqaviləsinə xitam verilib. İşdən çıxarılmalarla bağlı təşkilata müraciətlər daxil olub.
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Dövlət Neft Şirkətinin (51%) və xarici investor «Lancer Services S.A.» Şirkətinin (49%) pay iştirakı ilə bağlanmış 1 mart 2006-cı il tarixli müqavilə əsasında təsis edilib. Şirkət həmin ilin aprelində Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib.
SOCAR-dan məsələ ilə bağlı açıqlama verilməyib.