Cəmiyyət

Naxçıvanda dairəsini dağıtdılar… Bakıdakı İŞİ NƏ OLACAQ? – SANKİ…

“Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ona müraciət edən işçilərin hüquqlarını müdafiə etmək əvəzinə başqa işlərlə məşğuldur. Ona görə işçilər hüquqlarının müdafiəsi üçün daha çox bizə müraciət edir”.

Bu fikirləri “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi, prezidentliyə sabiq namizəd Fuad Əliyev Tribunainfo.az-a deyib. QHT rəhbərinin sözlərinə görə, AHİK sədri Səttar Möhbalıyevin son iki ildə çıxışları da sosial mövzulara aid deyil.

F. Əliyev qeyd edib ki, AHİK sədri Ukrayna münaqişəsindən, İsrail- Ərəb konfliktdən, BMT və digər beynəlxalq mövzulardan danışır, amma Azərbaycan hüquqları pozulan işçilərin haqlarının müdafiəsi haqda danışmır: “Ona görə də bizim təşkilata son dövrlər müraciətlər çoxalıb. Vətəndaşlar deyirlər ki, onların bu quruma müraciətləri araşdırılmır, baxılmır. Halbuki, Həmkarlar İttifaqı Konfederasiyasının səlahiyyəti, işi vətəndaşların sosial hüquqlarının bərpası istiqamətində addım atmaq olmalıdır”.

Hüquq müdafiəçisi onu vurğulayıb ki, şikayətlər arasında “putyovka” ilə bağlı müraciətlər də az deyil. Onun sözlərinə görə, Səttar Möhbalıyev bu sahəni ailə biznesinə çevirib: “Bu barədə mətbuat geniş faktlar yayır. Sözügedən qurumun sədri putyovkanı şəxsi biznes, gəlir mənbəyi kimi istifadə edir. 1993-cü ildən bu quruma rəhbərlik edir. Düz 31 ildir ki, eyni vəzifəni tutur. Bir məmur 30 ildən artıq eyni postu tutursa, təbii ki, o sahə inkişaf etməz, korrupsiya, yeyinti ocağına çevrilər. Bu 31 il ərzində əksər sahələrdə kadr dəyişiklikləri olub, idarəetmədə yeni yanaşmalar tətbiq olunub, amma Səttar Möhbalıyev o dövrdən kreslosundan tərpənmir. Ona görə də 31 il ərzində həmkarlar təşkilatlarının fəaliyyətinin inkişafı, vətəndaşların hüquqlarının qorunması, “putyovka” və digər təminatlar sahəsində heç bir ciddi iş görülməyib”.

İB həmtəsisçisi hesab edir ki, “putyovka”ların satılması, tanışlara, yaxın adamlara verilməsi haqda məlumatlar daxil olur, şikayətlər mətbuatda dərc olunur: “Fikrimcə, bu qurumda ciddi kadr dəyişikliyinə və işə, yanaşmada şəffaflığın təmin olunmasına ehtiyac var. Bu gedişlə, çapıb-talamaqla kimlərsə varlanır, insanların hüquqları isə tapdanır. Biz hazırda Həmkarları İttifaqı Konfederasiyasından daha faydalı işlər görürük, vətəndaşların şikayətlərini müvafiq orqanlara yönəldirik, hüquqlarının bərpası üçün əlimizdən gələni etməyə çalışırıq”.

Paylaş: