Yadınızdadırsa, bir müddət əvvəl Naxçıvan MR Baş naziri Ceyhun Cəlilov barədə “dosya” yayımlamışdıq. Həmin “dosya”da iddia olunurdu ki, FETÖ qruplaşmasının üzvü olan bu Ceyhun Cəlilovun “pulyuyanı” Əli Bayramov adlı bir şəxsdir.
“Nazirliyin keçirdiyi tenderlərə qeyri-rəsmi olaraq Xəyal Talıbov nəzarət edir. Əli Bayramov Bakı şəhərində “nağdlaşdırma” işlərinə baxır. Tenderlərdə öz şirkətlərinə köçürülmüş pullar Əli tərəfindən nağdlaşdırılaraq C.Cəlilova qaytarılır”, – redaksiyamıza etibarlı mənbələrdən daxil olan məlumatda bildirilirdi.
“Dosya” Ovqat.com-da yayımlandıqdan sonra gözləyirdik ki, müvafiq dairələr bu iddianı ciddi şəkildə araşdıracaq və məlumatların nə qədər səhih olub-olmadığı barədə rəsmi açıqlama verəcək. Nə yazıq ki, bu gözləntimiz özünü doğrultmadı. İndiyədək “dosya”da adı keçən şəxslərlə bağlı hər hansı tədbirin görülməsi haqqında məlumata malik deyilik.
Naxçıvan hökumətinin “pulyuyanı”nın qələmini kim qırdı?
Bununla belə, Ovqat.com-un əldə etdiyi bəzi informasiyalar Azərbaycan hakimiyyətinin bu iddialara heç də laqeyd qalmadığını göstərir.
Bildirildiyinə görə, yazı yayımlandıqdan dərhal sonra hüquq-mühafizə orqanları hərəkətə keçib və qəhrəmanlarımızdan saxlayıb. İddialara görə, istintaqa ilk cəlb olunan da elə Naxçıvan MR Baş naziri Ceyhun Cəlilovun “pulyuyanı” Əli Bayramov olub. Onun Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən göz altına alındığı bildirilir.
“Hazırda göz altında tutulan FETÖ “pulyuyan”ının işi Baş Prokurorluqdadır. Araşdırma zamanı məlum olub ki, Əli Bayramovun mexanizmi ilə ölkə büdcəsinə astronomik sayılacaq məbləğdə (mənbəmiz konkret rəqəm açıqlasa da, biz bu barədə Prokurorluq orqanlarının rəsmi məlumatlarını gözləməyə qərar verdik – Ovqat.com) ziyan dəyib. Bu barədə ölkə başçısına kimi məruzə edilib. Ölkə başçısının iddialara reaksiyası isə çox sərt olub”, – mənbəmiz belə deyir.
İddialara inansaq, Əli Bayramov əvvəllər də bir neçə dəfə Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub. Lakin Azərbaycansayağı məlum səbəblərdən azadlığa buraxılıb. “İndi onun rüşvətlə azadlığını satın aldığı şəxslərdən bir neçəsi işdən qovulub. Ceyhun Cəlilovun tenderlər üzrə “məsul” şəxsi Xəyal Talıbov isə həmin iş üzrə axtarışdadır”, – məlumatda qeyd olunur.
Kimdir əsl “pulyuyan” – Ceyhun Cəlilov, yoxsa Əli Bayramlı?
Maraqlıdır ki, rəsmi vəzifə daşıyan Ceyhun Cəlilovun əslində FETÖ “pulyuyan”ı Əli Bayramova xidmət etdiyinə bildirilir. İddiaya görə, Ceyhun Cəlilov 2018-ci ildən Əli Bayramovun qeyri-rəsmi maliyyə işlərini görür, ona maliyyə müşavirliyi edir. “Hazırda Ceyhun Cəlilovun istifadə etdiyi 90-CC-345 dövlət qeydiyyat nişanlı Toyota Land Cruzer markalı avtomobili belə, Əli Bayramov hədiyyə edib. Təbii ki, Naxçıvanın Baş naziri yaxşı xidmətinə görə mükafatlandırılıb”, – məlumatda iddia olunur.
Hazırda Əli Bayramovun Kürdəxanıdakı İstintaq təcridxanasında “istirahət etdiyi”, Ceyhun Cəlilovun isə müxtəlif kanallar vasitəsilə Əli Bayramovun işinə kömək etməyə çalışdığı vurğulanır. Mənbəmiz Ceyhun Cəlilovun Əli Bayramlının həbsindən niyə bu qədər narahat olduğunu isə belə izah edib: “Çünki Əli Bayramovun təsisçisi olduğu şirkətlər Ceyhun Cəlilovun əsas tender qalibləridir. Əlbəttə ki, Əli Bayramlı istintaq zamanı bülbül kimi ötməyə başlasa, Ceyhun Cəlilovun da başı ağrıyacaq”.
Ceyhun Cəlilova son tapşırıq FETÖ-nün Ərzurumdakı imamından gəlib
İddiaya görə, Ceyhun Cəlilov Baş nazir olduqdan sonra da Əli Bayramovla görüşüb və onu Naxçıvan MR-in yeni rəhbərliyi ilə də görüşdürüb: “Hüquq mühafizə orqanları Ceyhun Cəlilov və Əli Bayramov əlaqəsini daha dərindən araşdırsa, tamam başqa mətləblər də ortaya çıxacaq. Adi bir faktı nəzərinizə çatdırım ki, Ceyhun Cəlilov Əli Bayramovun qaynatasının adına olan “Value Collection” şirkətinə rəhbərlik edib. Hər iki məsləkdaşın digər maraqlı əlaqələri barədə daha ciddi məlumatları sizə yaxın günlərdə verəcəyəm”.
Mənbəmiz onu da vurğulayıb ki, Naxçıvanın Baş naziri barədə ifşaedici yazımız dərc olunduqdan sonra Ceyhun Cəlilov “FETÖ” üzvləri ilə əlaqənin hələlik dondurulması barədə tapşırıq alıb: “Tapşırıq FETÖ-nün Ərzurumdakı imamı tərəfindən verilib. FETÖ isə Azərbaycandakı olan gizli üzvləri vasitəsilə trol ordusu yaradıb sizi nüfüzdan salmağa çalışır. Ətraflarına sizin qeyri-peşəkarlığınız barədə məlumat ötürür. FETÖ ilə əlaqəsinin üzə çıxması Ceyhun Cəlilovu çox narahat edir. Bu məsələ də dərindən araşdırmalıdır”.
Ceyhun Cəlilovun gözü Fuad Nəcəflinin kreslosundadır
Mənbəmiz onu da bildirib ki, bizim Fuad Nəcəflinin fəaliyyətinə daha çox diqqət ayırmağımız Ceyhun Cəlilovu xeyli sevindirib. O, hətta yaxın ətrafına deyib ki, “qoyun başı “canişin”ə qarışsın”. Bizim səlahiyyətli nümayəndəyə daha çox diqqət ayırmağımızın Ceyhun Cəlilovu sevindirməsinin bir başqa səbəbi də var imiş. Sən demə, o, özünü Naxçıvana yeni səlahiyyətli nümayəndə kimi hazırlayırmış. Fuad Nəcəflinin ifşa olunması bu baxımdan da Baş nazirin işinə yarayırmış.
Tavan tavan içində, köhnə hamam içində
“Naxçıvanda tikilməsi nəzərdə tutulan obyektlərin tenderləri yalnız özünə yaxın ilə əlaqəli şəxslərə verilir. Ceyhun Cəlilov bütün nazirliklər və komitələrdən “Dövlət satınalmaları haqqında” qanunu kobud şəkildə pozaraq ehtimal qiymətlərinin ona verilməsini tələb edir. Bu da “Dövlət satınalmaları haqqında” qanunun kobud şəkildə pozulması deməkdir. Ehtimal qiymətlərin alınmasında məqsəd isə tenderləri yaxın adamlarına ötürmək qiymətləri əvvəlcədən bilərək gəlir əldə etməkdir. Ceyhun Cəlilov “qara kassa” adlanır”, – deyən mənbəmizin iddiasına görə, Naxçıvanın Baş naziri digər nazirləri, komitə sədrlərini, rəhbər şəxsləri “tavana” qoyub”, – deyən mənbəmiz bu barədə konkret iddialar da səsləndirib. İddiaları təsdiqləyən sənədlər olmadığından onları da hələlik yayımlamırıq.
Baş nazir həm də Ali Məclisin sədrinə qarşı
Digər bir iddiaya görə, Naxçıvan Baş naziri ilə Ali Məclisin sədri Anar İbrahimov arasında müəyyən məsələlərdə qarşıdurmalar yaşayır: “Bakıdakı əlaqələri vasitəsilə hakimyyət yüksək eşalonuna Anar İbrahimovu səriştəsiz insan kimi təqdim edir. Əvvəl maliyyə naziri Həsən Seyidovla düşmən kimi idilər. Sonradan Həsən İsmayılov Ceyhun Cəlilovun diqtəsini qədul etdikdən sonra nazir təyinatı təsdiqləndi”.
Naxçıvandakı “Dost” mərkəzinə yeni kadr seçimi başlayıb
Xatırlayırsınızsa, bundan əvvəl yayımladığımız “dosya”da adı keçənlərdən biri də Hikmət İsmayılov idi. Məlumatdda bildirilirdi ki, Ceyhun Cəlilov əvvəllər Naxçıvan Dövlət Sosial Müdafiə Fondunda işləyən, sonra isə korrupsiya əməllərinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) uyğun olaraq işdən azad olunmuş, barəsində DTX və Prokurorluqda cinayət işləri olan İsmayılov Hikmət Nəsir oğlunun vasitəsilə Nazirlikdə və ona tabe qurumlarda bir neçə savadlı kadrı işdən uzaqlaşdırmış, bəzilərindən isə pul alaraq yüksək vəzifəyə təyin etmişdir. Ceyhun Cəlilov nazir təyin olunduqdan sonra vəzifə səlahiyyətlərindən istifadə edərək Hikmət İsmayılovun üzərində olan cinayət işlərinə xitam verdirmiş, əmək kitabçasında 70Ç bəndini götüzdürmüş, daha sonra ondan yüksək məbləğdə pul alaraq Bakıda DOST mərkəzlərinin birində şöbə müdiri vəzifəsinə düzəltmişdir”.
Mənbəmiz Hikmət İsmayılovun kimliyinə aydınlıq gətirərək bildirib ki, o, Ceyhun Cəlilovun sinif yoldaşıdır: “Qaynatası Naxçıvanın məhsur iş adamlarından biri olan Razimdir. Hikmət İsmayılov hələ DSMF-də şöbə müdiri işlədiyi vaxt qeyri-rəsmi olaraq DSMF-ni Razim idarə edirdi. Keçmiş sədr Rasim Bağırovla aralarında yaranmış konfliktə görə R.Bağırov tərəfindən aidiyyatı qurumlara şikayət olunmuşdur. Hikmət İsmayılov Ceyhun Cəlilov Naxçıvan ƏƏSMN-ə nazir təyin olunduqdan sonra ilk öncə onun üzərindəki 70Ç maddəsini götüzdürmüş (mənbəmiz bunun nəyin müqabilində edildiyini də bildirib. Amma Amerikanın Azərbaycandakı səfiri demişkən, ölkəmizdə rüşvət alınarkən bunu təsdiqləyən çek verilmədiyini nəzərə alıb səsləndirilən məbləği açıqlamırıq), ardınca isə DOST Agentliyində şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. İndi Ceyhun Cəlilov həmin Hikməti Naxçıvanda açılması nəzərdə tutulan DOST mərkəzinə direktor təyin etmək istəyir. Hikmət İsmayılov da verdiyi pulu çıxarmaq üçün indidən Naxçıvanda kadr axtarışına başlayıb”.
Ceyhun Cəlilovun Ərdoğan “sevgisi”
Mənbəmiz onu da iddia edir ki, Ceyhun Cəlilov Türkiyənin hazırkı rəhbərliyinə qarşı da aqressiv münasibətdədir: “Səbəbini geniş izah etməyə, məncə, ehtiyac yoxdur – əlbəttə ki, Ərdoğan iqtidarının FETÖ-yə qarşı kəskin mövqeyi”.
ovqat.com