Cəmiyyət

Əliməmmədin kəndirbazlığı, Musanın baltası, Mərdanın çabası…

Samir Feyruzov

***

Zənnimdə yanılmamışam, həmişə demişəm ki, bu xalqın ən böyük düşmənləri acgöz alimlər, piştaxta təfəkkürlü siyasətçilər və ucuz qələm adamlarıdır.

Bilirsiniz ki, Milli Məclisə seçkilərlə bağlı namizədlərin qeydə alınması prosesi gedir. Bu proses zamanı nələr görürük? Baxırsan ki, kimsə deputat olmaq iddiasını ortaya qoyur, qapı-qapı gəzib xalqa söz verərək 500 imza toplayır və son anda, qəfil açıqlama verir ki, seçkidə iştirak etməmək barədə qərar qəbul etdim, namizədliyimi geri çəkirəm. Bu, imza topladığın insanlara, qapısında imza diləndiyin kəndçiyə və ən əsası, öz prinsiplərinə, öz şəxsiyyətinə qarşı həqarətdir, xəyanətdir. Məgər prosesləri əvvəldən bilmirdin? Bilirdinsə, yekə-yekə iddialarla çıxış etmək nəyə lazım idi? Döyüşməyə vicdanın çatmırdısa, öncədən bu prosesə qoşulmazdın.

Məsələn, bu gün 75 saylı Yardımlı-Masallı seçki dairəsində əsl rəzalət hökm sürür. Həmin dairədə 3 əsas favorit namizəd var idi – Əliməmməd Nuriyev, Mərdan Seyidbəyli və Musa Qasımlı. Bu üç şəxsin hər birini rayon əhli çox gözəl tanıyır.

Ə.Nuriyev sosial şəbəkə hesabında seçki yarışını davam etdirməmək barədə qərar qəbul etdiyini yazıb. Amma səbəblərini yazmır, yazmağa cəsarəti çatmır. Bəs, günlərdir qapı-qapı gəzib imza topladığın insanlara nə cavab verəcəksən? Açığı, mən onu qınamıram, ayrı-ayrı məmurlarla o qədər dərin əlaqələrə malikdir və hökumətdən o qədər faydalanır ki, geri çəkilməyə bilməz. Qazandıqlarını itirmək qorxusu çox pis şeydir. Ola bilər ki, Ə.Nuriyev yaxşı insandır, necə ki belə də təsvir edirlər, çox adama faydası toxunub, səmimi və sadə adamdır. Vaxtilə AXCP-dən hökumətə “transfer” olunan Ə.Nuriyev hazırda ictimai sektorda ən çox qazanan şəxslərdəndir və görünür, həqiqətləri tez başa düşərək bacanağı Əli Kərimlinin yanından uzaqlaşan Ə.Nuriyev üçün belə daha yaxşı olub. Eşitmişəm, Ə.Nuriyev cəbhədə ən faydalı şəxslərdən biri olub, açığı, o bataqlıq onun yeri də deyildi. Bəs, əzmini harada itirmisən?

Məlumat aldım ki, Musa Qasımlı bu dəqiqə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun otağında oturub. Ə.Nuriyevi də namizədliyini geri götürməyə onlar məcbur ediblər, ona min yerdən zəng açılıb, başçı bir tərəfdən, dost-tanış da bir tərəfdən. Hamısı da M.Qasımlını təzyiqi ilə. Musa “əsası”nı işə salıb.

67 yaşlı M.Qasımlı 15 ildir deputatdır, bunun 10 ilini Yardımlının deputatı kimi Parlamentə lövbər salıb. Nə iş görüb? Yaxşı ki, İkinci Qarabağ Müharibəsi olub və bu adamlar üçün yeni “iş yeri” və imitasiya imkanları formalaşıb – şəhid ailələrinin evinə gedib şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq!

Ay qardaş, Yardımlı rayonu tükənib, reanimasion durumdadır, əhali kəndləri tərk edib, iş yerləri yoxdur, o boyda turizm potensialı olan rayonda bir dənə də olsun şərait yaradılmayıb, rayonda 1 işıqfor var, onun da ancaq sarı işığı yanır. Axı sən alimsən, bu boyda mandat hərisliyi nəyə lazımdır?! Və heç bir Yardımlı əhli mənə M.Qasımlını tanıtdıra bilməz, biz qohumuq, mənim rəhmətlik anamla da bir sinifdə təhsil alıb. Amma dəxli nədir, mənim üçün həqiqət hər şeydən üstündür. Camaat yazıq deyil? Axı səndə Yardımlının problemlərini həll etməyə, rayonun inkişafı üçün inqilabi addımlar atmağa güc-iradə yoxdur, dişə vurulası bircə cəsarətli çıxışın da gözə dəymir. İncimə Musa müəllim, mən digər yardımlılı jurnalistlər kimi sənə heykəl kimi baxıb, qarşında təzim edə bilmirəm. Gedib meşədə, təbitə qoynundan özünə xudmani villa tikdirməklə deyil ki… Səndən əvvəlki Sabir Rüstəmxanlı da, bizim rayonun müxtəlif rayonlardan deputat seçilən mənsubları da – hamınız bir bezin qırağısınız. Hələ Barak Obamanın babasına oxşayan Fəzail İbrahimlini demirəm.

İndi yerdə qalıb iş adamı Mərdan Seyidbəyli! İndi də onun üstünə düşüblər ki, namizədliyini geri çək! Musa əlinə əsanı alıb oturub icra başçısının otağında, bu dəfə dənizi yox, rayonu iki yerə bölür. M.Seyidbəylini dərindən tanımıram, amma sosial şəbəkələrdə baxıram ki, şəhid ailələrinin əlindən öpməklə artistlik eləmir, iş adamlarını, alimləri tez-tez bir yerə yığıb çıxış yolları axtarır. Musanın işi kitab yazmaq, Əliməmmədin işi qrant almaqdırsa, Mərdanın da işi tikmək, qurmaq yaratmaqdır – adamın işi budur. Yeni tendensiyalar da bunu tələb edir, şalvarının ciblərini yeddiqat tikən M.Qasımlının yenidən deputat seçilməsi dövlət üçün ağır yük olacaq, cibi açıq, ömrünü iqtisadiyyata, qurub-yaratmağa sərf edən insanları önə çəkmək lazımdır ki, hər şeydən öncə xalq, dövlət qazansın.

Amma məsələ bununla bitmir. M.Qasımlı həmin dairədən daha bir namizədi də qorxudur, onu işdən qovduracağı ilə bağlı təhdid edir. Bu barədə detallı məlumatları da yazacam.

P.S. Yardımlıdan çox pis xəbərlər alıram, Qasımlı “konsert” verir, bütün idarələrin fəaliyyətini iflic edib, hamını min cür fəndlə farağatda saxlayıb, vadar edir ki, onun işlərini görsünlər. Özüm də tez-tez əlaqə saxlayıram, amma xahiş edirəm, kimdə nə məlumat varsa, mənə göndərsin.

Zəruri qeyd: Yazı müəllifin Feysbuk səhifəsindən götürülüb.

MİA.AZ

Paylaş: